...

Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarının icrasında mübahisə yaranıb

Cəmiyyət Materials 3 Sentyabr 2007 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Avropa Məhkəməsinin qərarının icrası ilə bağlı mübahisə yaranıb. Ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia edən Azərbaycan vətəndaşı Bəhram Tarverdiyev əvvəlki işinə bərpa olnmayacağı halda yenidən Avropa Məhkəməsinə müraciət edəcək. Bu barədə Trend ə bazar ertəsi Tarverdiyev məlumat verib.

Tarverdiyev 1975-ci ildən 2001-ci il mayın 23-dək İsmayıllı rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru işləyib. Xəstəliyi ilə bağlı 3 ay işə çıxmadığından Ekologiya və Təbii Sərvətlər Nazirliyi onu işdən azad edib. O, Nərimanov rayon məhkəməsinə işə bərpa ilə bağlı iddia verib. Məhkəmə 21 avqust 2001-ci il tarixli qətnamə ilə onu işə bərpa etsə də, indiyədək məhkəmənin qərarını Ekologiya və Təbii Sərvətlər Nazirliyi icra etməyib.

Tarverdiyev iyunun 22-dən İsmayıllı rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşə mühafizəsi mühəndisi kimi işə qəbul olunub.

Avropa İnsan Haqları Məhkəməsinin Tarverdiyevin Azərbaycana qarşı işilə bağlı qərarının icra olunmuş sayıldığını deyən Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib ki, Avropa Məhkəməsinin qərarından iki gün öncə, iyulun 3-də Apellyasiya Məhkəməsində Tarverdiyevin şikayəti ilə bağlı keçirilən prosesdə tərəflər arasında barışıq sazişi əldə olunub. Belə ki, Tarverdiyev iyunun 22-dən İsmayıllı rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşə mühafizəsi mühəndisi kimi işə qəbul olunub. Bu səbəbdən də işə xitam verilib.

Tarverdiyev isə bildirib ki, hakim Lətif Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə heç bir barışıq əldə olunmayıb: "Hakim Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsinə Nərimanov rayon məhkəməsinin qərarını icra etməyi tapşırdı. Mən əvvəlki işimə bərpa olunmamışam. Avropa Məhkəməsinə müraciətimdə də əvvəlki işimə bərpa olunmağımı tələb etmişəm".

Şikayətçi, İsmayıllı rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin keçmiş direktoru Bəhram Tarverdiyev işləmədiyi müddətdə əmək haqqının alınması ilə bağlı Yasamal rayon məhkəməsinə 2 il bundan əvvəl müraciət edib: "Yasamal rayon məhkəməsi şikayətə Avropa Məhkəməsinin qərarından sonra baxılacağını deyir. İşə bərpa ilə bağlı Nərimanov rayon məhkəməsinin qətnaməsində işləmədiyim müddətdə kompensassiyanın alınması ilə bağlı məsələ açıq saxlanılmışdı. Məhkəmə bildirmişdi ki, bu barədə sonradan iddia ilə məhkəməyə müraciət oluna bilər".

Şikayətçi Avropa Məhkəməsinə şikayətində Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin bərpasını tələb edib. O, şikayətində maddi təzminat tələbi irəli sürməyib.

Azərbaycan 2002-ci il aprelin 15-də İnsan Haqları üzrə Avropa Konvensiyasını ratifikasiya edib.

Xəbər lenti

Xəbər lenti