...

Bəstəkar Rühəngiz Qasımova: "Mən həyatı sevirəm!"

Cəmiyyət Materials 8 Sentyabr 2007 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 sentyabr / "TrendLife" , müxbir Eldar Hüseynzadə/ Rühəngiz Qasımova çox qeyri-adi və maraqlı həmsöhbətdir. Məhz buna görə onunla böyük məmnuniyyətlə söhbət etmək olur. O, heç vaxt verilən suallara qısa cavab vermir. Bu yaxınlarda bəstəkar London və Paris səyahətindən qayıdıb. Bununla bağlı "TrendLife" müxbiri onunla görüşüb, müsahibə etdi.

- Nə üçün səyahət şəkillərinizi qəfildən nümayiş etdirmək qərarına gəldiniz? Adətən, şou-biznesin "nəhəngləri" bu cür hərəkət edir.

- Ona görə ki, artıq bezmişəm. Bütün qəzetlər şou-biznes nümayəndələrinin necə istirahət etməyindən yazır. Bu yaxınlarda informasiya saytlarının birində ölkədə olan KİV-lərin müxtəlif redaktorlarının necə istirahətindən olan yazı gördüm. Və belə qərara gəldim ki, nəyə görə bəstəkarların necə dincəlmələrini göstərməyək?

- Sizin üçün yaxşı istirahət nə deməkdir?

- Mənim üçün ən yaxşı istirahət evdə sakit oturub, maraqlı kitab, jurnal, qəzet oxumaqdır. Bəlkə də mənim yaradıcılığımı izləyənlər elə düşünürlər ki, şou-biznes dünyasına qarışmışam. Amma inanın, xeyir verə biləcəyim yerlərdə görünürəm. Qayıdaq istirahət mövzusuna. Mənim qızım təbiətcə çox narahat insandır. Qoymur ki, yaşlı vaxtımda sakit oturam. Keçən il Antaliyada 42 dərəcədə hovuzda üzməli olmuşam.

- Bu ki lap əladır.

- Bu o vaxt əladır ki, sənin iyirmi yeddi yaşın var. Altmış yeddi yaşında heç də əla deyil. Çox çətin idi. Ancaq suya girib çıxırdım ki, kimsə yaxınlaşıb avtoqraf alırdı. Məsələn, avtoqraf alanlarn çoxu Almaniyada yaşayan həmyerlilərimiz idi. Bu il isə qızım keçən ilki, səhvini düzəldərək, məni London və Parisə dincəlməyə apardı. Bu çox maraqlı oldu. Mən London və Paris haqqında kitablardan çox oxumuşam. Ən maraqlısı isə o oldu ki, nə Londonda, nə də Parisdə yeni tikililər, göydələnlər yox idi. Əgər vardısa da, şəhərin mərkəzində deyildi. Əgər şəhərin mərkəzində ev çox köhnədirsə, yəni onu təmir etmək mümkün deyilsə, həmin ev çox qiymətli sayılır. Onun bütünlüklə şəklini çəkib, arxivə göndərirlər. Onun yerində isə uşaqlar üçün atraksionlu park salırlar. Hesab edirəm ki, həmin yerdə otuz mərtəbəli göydələn ucaltsalar, gəlir bir dəfə olacaq. Ancaq park olanda, orada restoranlar, uşaqlar üçün əyləncə yerləri olur. Mən bu şəhərlərin təmizliyinə heyran qalmışdım. İnsanlar burada səliqə-səhmana riayət edirlər. Heç kim maşından çölə siqaret atmaz, pəncərədən heç kim tüpürməz.

- London və Parisdən sonra Bakıya qayıtmaq çox çətin idi?

-Bilirsən, harda olursansa ol, vətənə qayıdanda evinə qayıtmış kimi olursan. Qonaqlıqda yaxşısan, evdə lap yaxşısan. Mən Amerikada, Sinqapurda, Taylandda, Banqladeşdə, Honkonqda qızımın ailəsinin yaşadığı yerdə olmuşam. Orada özünü heç də xarici vətəndaş kimi hiss etmirsən. Orada turistlər özləri üçün hər şəraiti yaradırlar. Bəzi Asiya ölkələrində heç Azərbaycandakı kimi təbiət gözəlliyi yoxdur. Buna baxmayaraq, həmin ölkələr yenə də turistləri cəlb edə bilirlər. Bakını da beynəlxalq turizm mərkəzinə çevirmək məsələsi məni çox sevindirir. Bu, inkişaf üçün əla fürsətdir. Bizdə də dəniz, günəş, tərəvəz, meyvə, var. Bununla məşğul olmağa insanlar da var. Həmin insanlar yeni iş yerlərinin açılmasını gözləyirlər.

- Ruhəngiz xanım, bunların sizə nə aidiyyatı var?

- Aidiyyatı çoxdur. Onda mən artıq heç yerə getməyəcəm. Mənə qonaq gələcəklər.O vaxta sağ qalsam, mən də öz şəhərimi hər kəsə nümayiş etdirəcəm. Bu yaxınlarda küçə ilə gedirəm, orta yaşlı bir kişi mənə yaxınlaşıb bu sözləri söylədi: "Gəlin, Bakını xilas edək". Mən soruşuram "Necə?" O mənə: "Görmürsünüz, küçələri qazıb töküblər" və bu kimi başqa sözlər. Mən ona: "Siz niyə gələcəyi görmürsünüz? Yer altı keçidlərimiz olacaq. Bizdə dayanacaqlar yoxdur. Nə vaxtsa memarlarımız çoxmərtəbəli maşın dayanacaqları tikəcəklər. Axı küçələrimizdə maşın əlindən keçməyə yer yoxdur.

- Gələn yay hansı ölkədə olmaq istərdiniz?

- Gələn yay Bakıda çoxlu turistlərin olmasını gözlərimlə görmək istərdim. Mən yaşamaq istəyirəm, həyatı çox sevirəm!

- Siz nikbin insansınız. Bu doğrudur?

- Mən deməzdim ki, nikbinəm. Sadəcə, mən özümə çox obyektiv yanaşıram. İnanın, mənimlə danışanlara mənim bədbinliyim lazım deyil, çünki hər kəsin bədbin olmağa bəhanəsi var. Nə üçün mən insanları öz mənfi emosiyalarımla bezdirməliyəm? Hər zaman gülümsəmək, yaxşılıq etmək lazımdır!

Xəbər lenti

Xəbər lenti