Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Hazırda İnsan Haqları üzrə Avropa Məhkəməsi Azərbaycan dövləti ilə 40 şikayət üzrə yazışma aparır. Bu barədə çərşənbə axşamı Trend ə Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib.
Əsgərov bildirib ki, şikayətlər Konvensiya ilə qorunan müxtəlif hüquqların pozuntusu ilə bağlı olsa da, əksər şikayətlər Əsas İnsan Haqları və Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması) hüququnun pozuntusu ilə bağlıdır.
Həmçinin Konvensiyanın 3-cü (işgəncələrin qadağan olunması), 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ), 10-cu (ifadə etmək azadlığı), 11-ci (yığıncaqlar və birləşmək azadlığı hüququ) maddələrinin pozulması ilə bağlı şikayətlər də üstünlük təşkil edir. Bunu təbii hesab edən Əsgərov bildirib ki, Avropa Məhkəməsinə göndərilən şikayətlər ilk növbədə yerli məhkəmələrdən keçməlidir: "Burada iki tərəf olduğundan tərəflərdən biri mütləq məhkəmədən narazı qalacaq. Ona görə də 6-cı maddə ilə bağlı şikayətlərin sayı çoxdur".
İndiyədək Azərbaycandan göndərilən şikayətlərdən 4-ü ilə bağlı dövlətə qarşı qərar çıxarılıb.