...

Azərbaycan 2020-ci il üçün Olimpiya Oyunlarına iddia ərizəsini təqdim edib (FOTO)

İdman Materials 14 Fevral 2012 22:07 (UTC +04:00)
Bakı-2020 nümayəndə heyəti İsveçrənin Lozanna şəhərində Azərbaycanın Olimpiya Oyunlarına iddia ərizəsini Beynəlxalq Olimpiya Komitəsinə (BOK) təqdim edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə çərçənbə axşamı günü Bakı 2020 Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva bildirib.
Azərbaycan 2020-ci il üçün Olimpiya Oyunlarına iddia ərizəsini təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 14 fevral / Trend /

Azərbaycan çərşənbə axşamı İsveçrənin Lozanna şəhərində Olimpiya Oyunlarına iddia ərizəsini Beynəlxalq Olimpiya Komitəsinə (BOK) təqdim edib. Bu barədə Trend-ə Bakı 2020 Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva bildirib.

Nurullayeva sifariş kitabının məzmunu haqqında məlumat verib. "Sifariş kitabında biz Bakının Olimpiya Oyunlarına ev sahibliyi etməsi üçün quracağımız olimpiya infrastrukturu haqqında ətraflı məlumat təqdim etmişik. Həmçinin, Bakıda nümunəvi Olimpiya Oyunları keçirmək üçün gələcək illərdə quracağımız yeni infrastruktur planını da təqdim etmişik", - o deyib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə dünən Bakıda keçirdiyi brifinqdə Bakının iddia ərizəsinin hazır olduğunu bildirib.

"Mən böyük məmnuniyyətlə bildirmək istəyirəm ki, bizim 2020-ci il Olimpiya Oyunlarına namizədlik üçün sifariş kitabımızın hazırlanması uğurla başa çatıb. Bu kitab faktiki olaraq bizim rəsmi müraciətimizdir və yerli və xarici mütəxəssislərin köməyi ilə çox yüksək standartlara uyğun hazırlanıb. Kitabın hazırlanmasında zəhməti keçən hər kəsə öz təşəkkürümü bildirirəm və namizədliyimizin uğurlu olacağına inanıram", - mətbuat nümayəndələri ilə görüş zamanı Hüseynzadə deyib.

BOK tərəfindən məlumatlar 2 ay müddətində dəyərləndirilərək Azərbaycanın durumu ilə bağlı açıqlama veriləcək.

Azərbaycanda Bakının namizədliyi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakı ilə yanaşı Madrid, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri də namizədliklərini irəli sürüblər. İlk təqdimat 2012-ci ilin fevral ayında baş tutmalıdır.

2012-ci ilin aprel ayında BOK-un İcraiyyə Komitəsinin iclasında 6 iddiaçı ölkədən hansının növbəti mərhələyə keçməsinə qərar veriləcək, həmin qərar isə rəsmi olaraq mayın 20-25-də Kanadanın Kvebek şəhərində elan olunacaq.

BOK ikipilləli seçimdən sonra 7 sentyabr 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Olimpiadaya ev sahibliyi edəcək şəhərin adını açıqlayacaq.

Xəbər lenti

Xəbər lenti