Azərbaycan, Bakı, 1 may/ Trend müxbir M.Əliyev/
Milli Olimpiya Komitəsi Bakının 2020-ci il Olimpiya Oyunlarına namizədliyi təsdiq olunduğu təqdirdə həyata keçiriləcək işlərin ilkin planını açıqlayıb.
Komitənin vitse-prezidenti Çingiz Hüseynzadə Trend-ə müsahibəsində bildirib ki, Azərbaycanın həyata keçirməyi planlaşdırdığı tədbirlər hazırlanan iddiaçı kitabında əks olunub, lakin namizəd şəhər kimi növbəti mərhələyə keçdikdə nəzərdə tutulan layihələr daha da genişləndiriləcək.
"İşlər plan üzrə aparılacaq, lakin namizəd şəhər kimi keçəndən sonra biz yeni layihələr üzərində düşünəcəyik", - o deyib. Hüseynzadə qeyd edib ki, namizəd şəhər kimi seçildikdən sonra hazırlıq işlərinə ayrılan büdcə də artırılacaq.
İlkin plana görə, Olimpiya Oyunlarının keçirilməsi Bakıya həvalə olunarsa, Bakıda "Azərneftyağ" zavodunun 150 hektarlıq ərazisində "Olimpiya şəhərciyi" tikiləcək, olimpiadanın açılış və əsas stadionu Böyükşor qəsəbəsində inşa ediləcək 60 min yerlik tamaşaçı tutumuna malik arena olacaq.
"Namizəd şəhər kimi qeydiyyata alındıqdan sonra artıq biz Bakının daha aktiv reklamı ilə məşğul olacağıq. Namizədlik kitabları hazırlanmalıdır, müəyyən filmlər çəkilməlidir, təqdimatlar hazırlanmalıdır", - MOK vitse-prezidenti deyib.
2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakı ilə yanaşı Madrid, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri də iddialarını irəli sürüblər. BOK namizəd şəhərləri bu ilin may ayında seçəcək.
BOK-un İcraiyyə Komitəsinin iclasında 5 iddiaçı ölkədən hansının növbəti mərhələyə keçməsinə qərar veriləcək, həmin qərar isə rəsmi olaraq mayın 23-də Kanadanın Kvebek şəhərində elan olunacaq.
Hüseynzadə deyib ki, hazırda Kvebekdə baş tutacaq təqdimata hazırlıqlar gedir. "Konkret deyə bilmərik keçəcəyik ya yox, amma biz bunun üçün əlimizdən gələn hər şeyi edirik", - o vurğulayıb.