Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E.Hüseynov/
Bakının 2020-ci il Yay Olimpiya Oyunlarına iddiaçı şəhər olmasına həsr edilən "Birlikdə bacararıq" adı altında fotomüsabiqənin yekunları üzrə sərgi keçirilib.
Trend-in məlumatına görə, ekspozisiya "Art-Garden" sərgi mərkəzində açılıb.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, hər il nazirlik ölkənin mədəni və tarixi irsinə həsr edilmiş bir çox tədbir və müsabiqələr keçirir. Bakının 2020-ci il Yay Olimpiya Oyunlarına iddiaçı şəhər olması çərçivəsində cari ildə ölkənin idman irsinə həsr edilmiş fotomüsabiqə keçirmək qərara alınıb. Bu kampaniya çərçivəsində əhalinin geniş təbəqəsi arasında Bakı-2020-nin keçirilməsinə dəstək üçün təqribən 500 min vətəndaşın imzası toplanıb. Toplanan imzalar Beynəlxalq Olimpiya Komitəsinə göndərilib.
Babayev ümid etdiyini bildirib ki, yaxın vaxtlarda Bakının namizəd şəhər seçilməsinin şahidi olacağıq.
Bakı-2020 Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva qeyd edib ki, mayın 23-də Olimpiya Oyunlarının keçirilməsinə namizəd-ölkələrin adları açıqlanacaq.
O, Azərbaycanın müsbət cavab alacağına ümid etdiyini bildirib.
"Biz birlikdə bacararıq" devizi altında keçirilən fotomüsabiqəyə 100-dən çox iştirakçı 500 şəkil təqdim edib. Onlardan 100 iş sərgi üçün seçilib, 4 fotoqraf isə mükafat və diplomlar alıb.
Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakı ilə yanaşı Madrid, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri də iddialarını irəli sürüblər. BOK namizəd şəhərləri bu ilin may ayında seçəcək.
BOK-un İcraiyyə Komitəsinin iclasında 5 iddiaçı ölkədən hansının növbəti mərhələyə keçməsinə qərar veriləcək, həmin qərar isə rəsmi olaraq mayın 23-də Kanadanın Kvebek şəhərində elan olunacaq.