...

Bizi kim sevindirəcək?

İdman Materials 5 İyul 2012 13:14 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsində təmsilçilərimiz ilk oyunlarını keçirəcəklər.
Bizi kim sevindirəcək?

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Bu gün UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsində təmsilçilərimiz ilk oyunlarını keçirəcəklər. Trend-in məlumatına görə, Avroliqanın seçmə mərhələsində çıxış edən klublarımızdan ikisi rəqibini doğma meydanda qəbul edəcək, biri isə mübarizəyə səfərdə başlayacaq.

Birinci mərhələdə mübarizəyə daha tez qoşulan "Xəzər Lənkəran" Estoniyanın "Nomme-Kalyu" komandasını Lənkəran şəhər Mərkəzi stadionunda sınağa çəkəcək. Bugün saat 20:00-da start götürəcək oyunu Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Mitja Zganecə yan xətt hakimləri Gregor Rojko, Robert Vukan və dördüncü hakim Dragoslav Peric kömək edəcək. Oyunun hakim-inspektoru finlandiyalı Jari Maisonlahti, UEFA nümayəndəsi isə belaruslu Yevgeni Tratsyukdur.

Digər təmsilçimiz "İnter" Estoniyanın "Trans" klubuyla Rakvere şəhərinin Mərkəzi stadionunda qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 20:30-da başlayacaq. Bu matçı Belçikadan olan hakimlər briqadası idarə edəcək. Görüşün əsas fit sahibi Alexandre Boucaut olacaq. Yan xətt hakimləri funksiyasını Jimmy Cremers və Patrick Plumes yerinə yetirəcəklər. Dördüncü hakim Laurent Colemonts olacaq. Oyunun hakim-inspektoru Bolqarıstanı təmsil edən Velid İmamoviç, UEFA nümayəndəsi isə serbiyalı Milos Markovicdir.

Bu oyundan yarım saat sonra isə mübarizəyə Azərbaycan kubokunun builki sahibi "Bakı" klubu qoşulacaq. Təmsilçimiz Sloveniyanın "Mura" komandasını qəbul edəcək. Oyun Mərdəkanda yerləşən "Dalğa Arenada" keçiriləcək. Start fiti 21:00-da səslənəcək oyunu Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Sergey Dankovskiyə laysmanlar Yevgeni Xalamendik, Oleksandr Yakimenko və ehtiyat hakim Vitali Romanov kömək edəcək. Oyunun hakim-inspektoru belaruslu Oleq Çikun, UEFA nümayəndəsi isə Bosniya və Herseqovinanı təmsil edən Velid İmamoviçdir.

Xəbər lenti

Xəbər lenti