...

AFFA rəhbərliyi millimizin Şimali İrlandiya ilə oyunda sürpriz edəcəyini gözləyir

İdman Materials 13 Noyabr 2012 13:53 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəhbərliyi millimizin Şimali İrlandiya ilə oyunda sürpriz edəcəyini gözləyir.
AFFA rəhbərliyi millimizin Şimali İrlandiya ilə oyunda sürpriz edəcəyini gözləyir

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəhbərliyi millimizin Şimali İrlandiya ilə oyunda sürpriz edəcəyini gözləyir.

Trend-in məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlamasında ümidvar olduğunu bildirib ki, Şimali İrlandiya ilə oyunda sürpriz ola və Azərbaycan millisi qələbə qazana bilər.

Onun sözlərinə görə, noyabrın 14-də keçiriləcək Şimali İrlandiya-Azərbaycan oyununda stadionun dolu olacağı gözlənilir.

"Azərbaycan azərkeşlərinə təxminən 300 bilet paylanılıb. Çoxusu Londonda, İngiltərədə oxuyan tələbələrdir, müxtəlif təşkilatların nümayəndələridir", - Məmmədov əlavə edib.

AFFA-nın baş katibi bildirib ki, komandada itkilər var.

"Təəssüflər olsun ki, bəzi futbolçular zədəyə görə komandaya qoşula bilmir. Kamran Ağayev cəzalı olduğu üçün kənarda qaldı. Lakin komanda oyuna tam hazırdır. Biz hər oyuna qələbə, 3 xal qazanmaq üçün çıxırıq. Əvvəlki seçmə mərhələ oyunlarında sürprizlər göstərmişik. Azərbaycan millisi seçmə mərhələyə yaxşı başlamışdı. Birinci ev oyununu heç-heçə oynayaraq bir xal qazandıq. İsraillə oyunu analiz edəndən sonra düşündük ki, Azərbaycan millisi 3 xal qazana bilər. Şimali İrlandiya ilə oyunda bütün imkanlardan istifadə etsək, qələbə qazana bilərik", - Məmmədov deyib.

Qeyd edək ki, futbol üzrə Azərbaycan milli komandası DÇ 2014-ün seçmə mərhələsi çərçivəsində növbəti görüşünü sabah səfərdə Şimali İrlandiya yığmasına qarşı keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti