...

Beynəlxalq Olimpiya Akademiyasının prezidenti Azərbaycana səfərə gəlir

İdman Materials 6 Mart 2013 17:06 (UTC +04:00)
Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kouvelos və akademiyanın direktoru Dionisis Qanqas Azərbaycanda səfərdə olacaqlar.
Beynəlxalq Olimpiya Akademiyasının prezidenti Azərbaycana səfərə gəlir

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir M.Əliyev/

Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kouvelos və akademiyanın direktoru Dionisis Qanqas Azərbaycanda səfərdə olacaqlar.

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində qonaqlar gənclər və idman naziri Azad Rəhimovla görüşəcək, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, T.Bəhramov adına Respublika stadionu, Bakı Tennis Akademiyası, "Musado" idman mərkəzi və İçərişəhərlə tanış olacaqlar.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Akademiyasında artıq 4 ildir olimpiya bilikləri üzrə magistratura proqramı tədris olunur. Ümumi təhsil müddəti bir il yarım olan akademiyada tələbələr bir ildə sentyabr-noyabr və aprel-iyun aylarında 2 semestr ərzində təhsil alırlar. Növbəti 6 ay ərzində müəyyən mövzu üzrə diplom işi hazırlayırlar.

Bu il fevralın 4-də Azərbaycanın Yunanstanda səfiri Rəhman Mustafayevin Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kouvelosla görüşü zamanı akademiya ilə ölkəmiz arasında əlaqələrin gələcək perspektivləri müzakirə olunub. Gələcəkdə Azərbaycandan da tələbələrin bu akademiyada təhsil alması barədə akademiya rəhbərliyi ilə ilkin razılıq əldə edilib.

Bundan başqa, Beynəlxalq Olimpiya Akademiyasının müəllim və professorlarının Azərbaycanın müvafiq ali təhsil müəssisələrində, bir sıra idman təşkilatlarında olimpiya təhsili mövzusunda mühazirələrlə çıxışları, eləcə də Azərbaycanda yüksək elmi nəticələr əldə etmiş 100 gəncin Beynəlxalq Olimpiya Akademiyasına tanışlıq səfərinin təşkili, müxtəlif idman-mədəni tədbirlərdə iştirakı, qədim Olimpiya şəhərinə ziyarətinin təşkili barədə ilkin müzakirələr olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti