...

Bakıda keçiriləcək ilk Avropa Oyunlarının başlamasına 600 gün qaldı (FOTO)

İdman Materials 20 Oktyabr 2013 04:01 (UTC +04:00)
Bakıda keçiriləcək ilk Avropa Oyunlarının başlamasına 600 gün qalır. Bu gündən Bakı şəhəri 12 iyun 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunları ilə bağlı vaxtın hesablanmasına start verir.
Bakıda keçiriləcək ilk Avropa Oyunlarının başlamasına 600 gün qaldı (FOTO)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Bakıda keçiriləcək ilk Avropa Oyunlarının başlamasına 600 gün qalır. Bu gündən Bakı şəhəri 12 iyun 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunları ilə bağlı vaxtın hesablanmasına start verir.

Trend-in məlumatına görə, Avropa Oyunları qitənin 49 milli olimpiya dövlətindən olan elit atletlər üçün çoxnövlü idman tədbiridir və dörd ildə bir dəfə keçirilir. Bu oyunlar Avropa Olimpiya Komitəsi tərəfindən təşkil olunur.

18 idman növü üzrə təxminən 5600 idmançının iştirakı gözlənilən "Bakı 2015" Avropa Oyunları beynəlxalq idman məkanında ən mühüm tədbirlərdən biri olacaq.

Paytaxtda "Bakı 2015" Oyunları üçün 21 stadionun və qurğuların əksər hissəsinin tikinti və struktur planlaşdırması işi cədvələ uyğun gedir.

"Bakı 2015" tədbiri üçün nəzərdə tutulan yerlər "Eurovision 2012"-ni qəbul etmiş əfsanəvi Kristal Zalı, yeni Beynəlxalq Üzgüçülük Mərkəzi və 65 min yerlik müasir stadionu əhatə edir. Atletlər Kəndinin tikintisi xeyli irəliləyib. Bu Kənd artıq təcrübəli ekspertlər tərəfindən Oyunlarda iştirak edəcək elit atletlər üçün idman tarixində hazırlanmış ən yaxşı qəbul və hazırlıq qurğularından biri kimi qiymətləndirilib.

Alov Qüllələri və britaniyalı memar Zaha Hadidin müəllifi olduğu Heydər Əliyev Mərkəzi kimi digər rəmzi məkanlar idman üçün xüsusi fon yaradacaq.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Bakı sakinləri və bütövlükdə Azərbaycan Avropadan gələcək atletləri, rəsmi şəxsləri, mətbuat mənsublarını və tamaşaçıları salamlamağı səbirsizliklə gözləyir: "Məqsədimiz xalqın səmimiyyətini, qonaqpərvərliyini nümayiş etdirmək və idman, biznes, turizm üçün yeni istiqamət kimi Azərbaycanı təqdim etməkdir. Avropa Olimpiya Komitəsi və idman federasiyaları ilə iş apararaq, biz idmanı yeni format və quruluşda göstərəcəyik, yeni mühüm idman və mədəni tədbir təqdim edərək, Avropa Oyunlarını dünya səhnəsinə çıxaracağıq".

"Bakı 2015" tədbiri üçün bu günə qədər təsdiqlənmiş yarışlar Olimpiya idman növü sayılan üzgüçülük, dayvinq, velosiped idmanı, boks, gimnastika, eləcə də gələcək mühüm idman tədbirləri üçün gözəl nümunə olan basketbol 3x3 və çimərlik futbolu kimi idmanın yeni növlərini əhatə edir.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki qeyd edib ki, böyük oyunlar möhtəşəm yerlərdən başlayır: "Bakının tədbir yerləri mühüm beynəlxalq idman tədbiri üçün tarixdə hazırlanmış ən gözəl yerlərdən biri olacaq və atletlər, tamaşaçılar, yayımçılar və azarkeşlər üçün həyəcan dolu mühit yaradacaq. Tədbirə 600 günün qaldığı bir halda, Azərbaycan Avropanın olimpiya atletləri və dövlətləri üçün yüksək keyfiyyətli yarışın və qitənin ilk mühüm pan-Avropa çoxnövlü idman tədbirinin keçirilməsi məqsədilə cədvələ uyğun addımlayır".

Qeyd edək ki, Bakı 2 milyondan artıq əhalisi olan, Xəzər dənizinin sahilində yerləşən ən böyük şəhərdir. Keçmişdə İpək Yolunun mühüm hissəsi olmuş bu şəhər Avropa, Asiya və Orta Şərqin kəsişdiyi yerdə yerləşir. Bu gün Bakı YUNESKO-nun Dünya İrsinin siyahısına salınmış İçərişəhərlə xüsusilə qeyd olunan müasir memarlığı özündə əks etdirir. Azərbaycan tolerantlıq və səmimi qonaqpərvərlik ənənəsi ilə seçilən çox mədəniyyətli cəmiyyətdən ibarətdir.

Əlavə məlumat üçün www.baku2015.com ünvana daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti