Azərbaycan, Bakı, 9 dekabr /Trend/
Azərbaycan milli komandası 5-8 dekabr tarixləri arasında Bakıda keçirilən Beynəlxalq Ağır Atletika Federasiyasının IWF Qran-Prix - II Beynəlxalq Bakı Kubokunun mütləq qalibi olub.
Trend Ağır Atletika Federasiyasının saytına istinadən xəbər verir ki, yarışda 24 ölkədən 60 atlet körpücük üzərinə çıxıb. İdmançılar 4 çəki dərəcəsində - qadınlar 53 və 58 kq, kişilər 62 və 69 kq-da mübarizə aparıb.
Qadınların komanda yarışında Azərbaycan milli komandası 1-ci yeri tutub. Kristina Yovunun 53 kq çəki dərəcəsində qızıl, eyni çəkidə Yuliya Derkaçın gümüş medal qazanması ölkəmizi turnirin lideri edib. 58 kq-da Silviya Angelova və Mərziyyə Məhərrəmovanın da çıxışları ilə komandamız toplamda 265 xalla 1-ci olub. İkinci yeri 140 xalla Rumıniya, üçüncülüyü isə 138 xalla Ukrayna yığması qazanıb.
Qadınlarımız medal sayında da 5 medalla - 3 qızıl, 2 gümüş - hamını üstələyiblər. İkinci pillədə 4 medalla - 2 qızıl, 2 gümüş - Çin, üçüncü yerdə isə 3 medalla - 1 qızıl, 2 gümüş - Rumıniya atletləri qərarlaşıblar.
Qadınların fərdi mübarizəsində Kristina Yovu turnirin ən yaxşı atleti seçilib. O, toplamda 208 kq (95 kq + 113 kq) nəticə ilə Sinkleyr cədvəli üzrə 314,0887 xal qazanıb və ən yaxın izləyicilərini təxminən 10 xal qabaqlayıb. İkinci yeri Çinli Venq Şuay (302,5176 xal), üçüncülüyü isə rumıniyalı Elena Toma (299,6475 xal) tutub.
Kişilərin komanda yarışında da Azərbaycan milli komandası 1-ci yeri tutub. Valentin Xristovun 62 kq çəki dərəcəsində qızıl, eyni çəkidə Yuri Dudoqlonun gümüş, 69 kq çəki dərəcəsində Firudin Quliyevin qızıl medal qazanması ilə ölkəmiz Qran-Prinin aşkar lider adını qazanıb. Bu nəticələrlə Azərbaycan yığması 243 xalla ən yaxşı komanda olub. İkinci yeri bizdən təxminən iki dəfə az - 126 xal qazanan Çin, üçüncülüyü isə 119 xalla Macarıstan yığması tutub.
Kişilərimiz medal sayında da şəksiz qalib olublar. Komandamız 9 medalla - 6 qızıl, 3 gümüş - rəqiblərini bir baş üstələyiblər. İkinci pillədə 3 medalla - 2 gümüş, 1 bürünc - Rusiya, üçüncü yerdə isə 1 medalla - 1 gümüş - Polşa atletləri qərarlaşıblar.
Kişilərin şəxsi mübarizəsində isə üç ən yaxşı atletin üçü də Azərbaycan milli komandasının üzvü olub. 62 kq çəki dərəcəsində Qran-Prinin ikiqat qalibi adını qazanan Valentin Xristov turnirin ən yaxşı atleti seçilib. O, toplamda 292 kq (127 kq + 165 kq) nəticə ilə Sinkleyr cədvəli üzrə 426,0584 xal qazanıb. İkinci yeri Qran-Prinin digər ikiqat qalibi olan, 69 kq çəki dərəcəsində bütün rəqiblərini rahatlıqla üstələyən Firudin Quliyev toplamda 305 kq (135 kq + 170 kq) nəticə və 413,9474 xalla tutub. Üçüncü yer isə 62 kq çəki dərəcəsində gümüş medal qazanan Yuri Dudoqloya qismət olub. O, toplamda 283 kq (126 kq + 157 kq) nəticə 411,7159 xal qazana bilib.