...

4 qat Olimpiya çempionu Maykl Conson Bakıda olub (FOTO)

İdman Materials 24 İyun 2014 15:45 (UTC +04:00)
Olimpiya çempionu Maykl Conson Bakıya səfəri zamanı Bakı2015 Avropa Oyunlarının əsas ofisində olub
4 qat Olimpiya çempionu Maykl Conson Bakıda olub (FOTO)

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Dördqat Olimpiya çempionu Maykl Conson iyunun 23-də Bakı bulvarında Olimpiya Günü tədbirlərində iştirak etmək, gənc və qələbəyə iddialı azərbaycanlı idmançılarla görüşmək üçün bu həftə Bakıda olub.

Bakı 2015-nin rəsmi tərəfdaşlarından biri olan BP şirkətinin səfiri M.Conson Bakı2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əsas ofisində olub və BEGOC-un işçi heyəti, eləcə də iki olimpiyaçı ilə görüşüb.

O, həmçinin hazırda tikilməkdə olan Milli stadiona baxmazdan öncə gələn ilin yayında keçiriləcək Avropa Oyunları zamanı 9 mindən çox idmançı və rəsmi şəxsi özündə yerləşdirə biləcək yenicə inşa edilmiş Bakı2015 Atletlər Kəndinə də gedib.

Bakı2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Bakı2015-in baş ofisində dünyanın ən böyük olimpiyaçılarını salamlamaq və onları ilk Avropa Oyunlarına hazırlıq işlərimizin gedişatı ilə tanış etmək bizim üçün şərəfdir. Maykl dünya oyunları barədə misilsiz biliyə malikdir. Odur ki, burada, BEGOC-da bizim heyətimizlə öz təcrübəsi ilə bölüşmək və Azərbaycanın qələbəyə iddialı gələcək idmançılarına öz məsləhətlərini vermək üçün bu, əla imkan idi".

M.Conson deyib: "Bu həftə ərzində Bakıda olmaqdan və Azərbaycanda idmana artan həvəsə şahid olmaqdan zövq aldım. Oyunları qəbul etmək ilhamlandırır, mən bunu çox yaxşı başa düşürəm. Birinci Avropa Oyunları azərbaycanlı idmançılara uğur əldə etməyə və tarix yazmağa fantastik bir imkandır".

M.Conson yüngül atletika tarixində ən böyük və ən sabit sprinterlərdən sayılır və hazırda 400 metr məsafəyə qaçış üzrə Olimpiya və dünya rekordlarının sahibidir. O, eyni zamanda, 1996-cı ildən 2008-ci ilədək 12 il ərzində 200 metr məsafə üzrə Olimpiya və dünya rekordlarını qazanıb.

İyunun 23-də bütün dünya üzrə Olimpiya Günü qeyd edilir və bu gün müasir Olimpiya Oyunlarının yarandığı 1894-cü il tarixi ilə bağlıdır. Yüz minlərlə insan - həm gənc və həm də yaşlı - ənənəvi olaraq qaçış, sərgilər, musiqi və təhsillə bağlı tədbirlər kimi idman fəaliyyətlərində iştirak edirlər. Bu tədbir Olimpiya ideallarının dünyanın hər bir yerində təbliğ olunmasına kömək edib.

Bakı2015 Avropa Oyunları 2015-ci ilin 12-28 iyun tarixlərində çoxsaylı idman növləri üzrə keçiriləcək həyəcanverici və innovativ yarışlar olmaqla yanaşı, qitədə ilk Avropa Oyunları olacaq. Bakı2015 Avropa Oyunları ümumilikdə 19 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü və üçü qeyri-olimpiya idman növü olacaq. 17 yarış günü müddətində 6 mindən çox idmançının öz ölkələrini təmsil edəcəyi gözlənilir.

Doqquz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti