Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir Elçin Mehdiyev/
Bakıda idman gimnastikası, akrobatika və tamblinq üzrə birgə yarışların ilk gününün qalibləri müəyyənləşib.
Trend xəbər verir ki, bədii gimnastika üzrə Azərbaycan və Avropa çempionatlarının keçirildiyi Milli Gimnastika Arenasında bu dəfə ilk Avropa Oyunlarının təsnifat turnirləri ərəfəsində gimnastikanın digər növləri üzrə yarışlar təşkil olunub.
Dörd növ üzrə keçirilən yarışlarda qadın idman gimnastikasının tanınmış nümayəndəsi, "Avro-2014"ün vitse-çempionu Anna Pavlova Bakı tamaşaçılarına öz ustalığını nümayiş etdirib.
Bakı Gimnastika Məktəbini, Respublika Olimpiya İdman Liseyini, Nizami Rayon İdman Məktəbini və "Neftçi" Cəmiyyətini təmsil edən 80 idmançının qatıldığı turnirin ilk günündə yunior idman gimnastları, akrobatlar və tamblinqçilər yarışıblar.
Yarışın ilk günü balacalar, yeniyetmələr və qadınlar arasında idman gimnastikası üzrə çoxnövçülük yarışlarının qalibləri müəyyənləşib.
Balacaların mübarizəsində Səməd Məmmədli qızıl, Murad Hənifəzadə gümüş, Ramin Dəmirov bürünc medala sahib olublar. Yeniyetmələr arasında Cavidan Babayev fəxri kürsünün ən yüksək piləsinə qalxıb. İbrahim Həsənli ikinci, Fərid Əzimov üçüncü pillədə qərarlaşıblar.
Qadınların mübarizəsində isə Marina Nikrasova birinci, Mariya Smirnova ikinci, Yuliya İnşina isə üçüncü yeri tutublar.
Yarışda fasilələr zamanı batut üzrə milli komandanın üzvləri nümunəvi çıxışları ilə ustalıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası tərəfindən bu dəfə də birgə yarışlara beynəlxalq dərəcəli hakimlər - Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvü Arturs Mitskevitçs (Latviya), Avropa Gimnastika İttifaqının Texniki Komitəsinin üzvləri Mario Vukoya (Xorvatiya) və Dmitriy Andreyev (Rusiya), həmçinin Gürcüstan Milli Gimnastika Federasiyasının vitse-prezidenti Besarion Qamsaxurdiya, Qazaxıstan Gimnastika Məktəbinin baş məşqçisi Aleksandr Kim və Belarus Milli Gimnastika Federasiyasının baş katibi Andrey Fedorov dəvət olunublar.