Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/
"Bakı 2015" Avropa Oyunları Fransanın Milli Olimpiya Komitəsi və "Sentez Vous" idman təşkilatı ilə tərəfdaşlığa başlayır.
"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, "Bakı 2015" Avropa Oyunları böyük məmnuniyyətlə Fransanın Milli Olimpiya Komitəsi və "Sentez Vous" idman təşkilatı ilə tərəfdaşlığını elan edir.
Fransada "Sentez Vous" idman təşkilatı tərəfindən idman festivalı təşkil olunur. İdman tədbirinin bayram kimi qeyd edilməsi insanları daha fəal həyat tərzi sürməyə səsləyir. Sentyabrın 13-dən 21-dək keçiriləcək idman tədbiri bütün Fransanı əhatə edəcək.
Artıq beş ildir ki, ənənəvi olaraq keçirilən tədbir ölkənin Milli Olimpiya Komitəsinin və bütün Fransa idman federasiyalarının dəstəyi ilə məktəblərdə, universitetlərdə və müəssisələrdə baş tutacaq.
"Sentez" idman festivalının keçirilməsində məqsəd idmanı sağlam həyat tərzinin bir hissəsi kimi təbliğ etmək və maarifləndirici seminarlar vasitəsilə daha çox insanı müntəzəm fiziki fəaliyyətlə məşğul olmağa həvəsləndirməkdir.
Fransada tədbirlə bağlı bütün kommunikasiya məsələləri, televiziya reklamı, sosial media və çap məhsulları "Bakı 2015" ilə əlaqələndiriləcək.
Festivalda ölkəmizi bu yaxınlarda Nanjinqdə keçirilən yeniyetmələr arasında Yay Olimpiya Oyunlarında medal qazanmış 6 azərbaycanlı idmançı təmsil edəcək.
Səid Quliyev (taekvondo - qızıl medal), Teymur Məmmədov, İqbal Hacızadə (güləş - qızıl medal), Cabbar Nəcəfov, Leyla Qurbanova (güləş - gümüş medal) və Nazim Babayev (atletika, 3 təkanla tullanma - bürünc medal) Fransanın Milli İdman və Fiziki Tərbiyə İnstitutuna səfər edəcək və ölkədəki idman tədbirlərində iştirak edəcəklər.
Azərbaycanın gənclər və idman naziri, "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov qeyd edib ki, "Sentez Vous" idman tədbirinin keçirilməsində məqsəd çoxlu sayda insanı idmanı həyat tərzlərinin mərkəzi hissəsinə çevirməyə həvəsləndirməkdir: "Hazırda əhalinin 66%-ni 35 yaşa qədər olan gənclər təşkil edir. Azərbaycanın gənc nəsli idmana çox həvəslidir və biz gələcəkdə bu təşəbbüsü öz ölkəmizdə də təkrar etmək istərdik".
Festivalda 100-dən artıq idman növü təmsil olunacaq. Tədbirdə ABŞ Milli Basketbol Assosiasiyasının dördqat çempionu, basketbolçu Toni Parker və 2004-cü il Afina Yay Olimpiya Oyunlarında üzgüçülük üzrə qızıl medal qazanmış Lor Manaudou da iştirak edəcək.
Kampaniya seminarlar və fəaliyyətlər vasitəsilə insanları yeni idman növləri və fiziki məşqlərlə tanış edəcək. Ənənəvi festival həftənin müxtəlif günlərində, müxtəlif yaş qrupuna daxil olan insanlar üçün təşkil olunacaq.
Fransa Milli Olimpiya Komitəsinin prezidenti Denis Masseqlia Bakı 2015-lə əməkdaşlığa məmnun olduğunu deyib: "Komitənin dəstəyi ilə "Sentez Vous" idman tədbiri xalqımızda idmana marağı artıracaq".
"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, sözügedən tədbir "Bakı 2015" Avropa Oyunlarına qitənin digər tərəfində də idmanı təbliğ etməyə imkan yaradacaq: "Fransa Avropanın idman sahəsində əsas güc sahibidir və "Sentez Vous" idman tədbirinə dəstək göstərməklə Avropa Oyunları Azərbaycanda sağlam həyat tərzi anlayışının əsasını qoyacaq".
Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək "Bakı 2015" birinci Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
"Bakı 2015" Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6 mindən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.
Doqquz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və voleybol daxildir.