Azərbaycan, Bakı, 2 oktyabr /Trend/
İspaniyanın "Barselona" futbol klubunun müdafiəçisi Daniel Alves növbəti mövsümdən İngiltərə klubunda çıxış edəcək. Trend xarici mətbuata istinadən xəbər verir ki, bu barədə braziliyalı futbolçu yerli KİV-ə müsahibəsində deyib.
Bir müddət əvvəl xəbər verilmişdi ki, Braziliya yığmasının oyunçusu gələn ildən İtaliyanın "Yuventus", yaxud Fransanın PSJ klubuna keçəcək.
Alves deyib: "Gələn ildən mən dəqiq İngiltərəyə keçəcəyəm. Bu mənim "Barselona"da son mövsümümdür".
Alves Kataloniya klubunda 2008-ci ildən çıxış edir. Bu müddət ərzində o, 188 oyun keçirib və 14 qol vurub. Alves 4 dəfə İspaniya çempionu (2008/09, 2009/10, 2010/11, 2012/13-cü illər), iki dəfə ölkə Kubokunun (2008/09, 2011/12-ci illər) və 4 dəfə İspaniya Superkubokunun (2009, 2010, 2011, 2013-cü illər) sahibi olub. O iki dəfə Çempionlar Liqasında (2008/09, 2010/11) və iki dəfə UEFA Superkubokunda (2009, 2011) qalib gəlib.