...

Aliya Yusupova: Bakıda məşqlər üçün şərait çox yaxşıdır (MÜSAHİBƏ)

İdman Materials 18 Noyabr 2014 18:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

Vaxtilə fərdi tapşırıqlarda bədii gimnastikanı təmsil etmiş qazaxıstanlı idmançı Aliya Yusupova yetirməsi Sabina Aşirbayeva ilə birlikdə bu yaxınlarda Bakıda təlim-məşq toplanışında olub.

Təkcə öz vətənində deyil, eləcə də bütün dünyada məşhur olan Aliya 2000-2005-ci illərdə fərdi çoxnövçülükdə Qazaxıstan milli birinciliyinin qalibi olub. O, 2006-cı ildə Hindistanın Surat şəhərində keçirilən Asiya birinciliyində alətlərlə çıxışlarda 4, komanda yarışlarında bir və fərdi çoxnövçülükdə bir medal daxil olmaqla, altı qızıl medal qazanıb. A.Yusupova Afina Olimpiya Oyunlarında beşinci təsnifatdan keçib.

Gimnast karyerasını başa vurduqdan sonra Aliya doğma Şımkentdə Qazaxıstanın gimnastika məktəbini sürətlə inkişaf etdirib, bununla yanaşı, həyat yoldaşı ilə birgə qızını və oğlunu da böyüdür.

Trend A.Yusupova ilə müsahibə təqdim edir:

- Siz Bakıda ilk dəfə deyilsiniz. Şəhər son səfərinizdən indiyədək çoxmu dəyişib?

- Şəhəriniz ildən-ilə daha gözəl olub, böyüyüb, yeni maraqlı binalar inşa olunub.

- Siz sonuncu dəfə gələndə Milli Gimnastika Arenası hələ hazır deyildi.

- Bəli, biz ötən il köməkçi zalda məşq etdik, bu gün isə artıq yeni zalda, Arenada məşq edirik. Əlbəttə, burada məşqlər üçün çox yaxşı şərait var, ona görə də sizdə nəticə var. Biz hələ ötən il sizdə yaxşı məşqçi heyətinin, mehriban qızların olduğunu gördük. Bax, ona görə də məmnuniyyətlə ikinci dəfə öz qızlarım üçün proqram tərtib etməyə gəlirəm.

- Bildiyimizə görə, Qazaxıstan Avropa Oyunlarından əvvəl 2015-ci ilin martında Bakıda keçiriləcək sınaq turnirində təmsil olunacaq. Bəs yarışlarda kim iştirak edəcək?

- Bəli, Mariana Vasileva bizi iştirak etməyə dəvət edib. Ölkəni isə hər halda Sabina Aşirbayeva təmsil edəcək. O, dünya çempionatlarında və digər iri yarışlarda ölkənin bir nömrəli gimnastı kimi çıxış edir. Mariana xanım onun üçün tapşırıqlar tərtib edir və bu tapşırıqlar bizim çox xoşumuza gəlir. Bundan başqa, bu onun üçün müəyyən təcrübə olacaq, ona görə də biz məmnuniyyətlə gəlirik.

- Bəs Mariana Vasilevanın işə yanaşmasını necə qiymətləndirirsiniz?

- Hər bir uşaq fərddir, hər birinə fərdi yanaşma lazımdır və Mariana bunu tapır. Hər bir qız üçün onun öz açarı var.

- Gəlin, bir az sizin barənizdə danışaq. Bu sahəni seçdiyinizə görə peşman olmamısınız ki?

- Xeyr, heç vaxt. Çünki uşaqlıqdan bədii gimnastika çox xoşuma gəlib. Hətta gimnast olduğum vaxtlarda da seçimimə görə peşman olmamışam. İndi mən Qazaxıstanın baş məşqçisiyəm, sevdiyim işlə məşğul oluram... Elə-belə yox, bu iş mənim xoşuma gəlir.

- Gimnastdan məşqçiyə yenidən ixtisaslaşmaq çətin olmadı ki?

- Xeyr, çünki hələ gimnast ikən məşqçi vəzifəsinə keçdim. Əksinə, hətta rahat oldu və öz təcrübəmi gimnastlarımızla bölüşməyi istəyirdim.

- Bəs qızınız və oğlunuz idmanın bu növünə necə yanaşırlar? Siz öz uşaqlarınızın gələcəyini gimnastika ilə bağlayırsınızmı?

- Oğlumu hələ 2 yaşı olmasa da, futbola verdik, çünki futbolu çox sevir. Qızımın 4 yaşı var və bu yaxınlarda gimnastika ilə məşğul olmağa başlayıb. Lakin proqnozlar vermək hələ tezdir, qoy bu onun öz seçimi olsun. Hələlik onun xoşuna gəlir, məşğələlərə məmnuniyyətlə can atır. Ola bilsin, gələcəkdə onunla birgə tapşırıq tərtib etməsi üçün Mariana xanımın yanına gəlim.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti