Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir Elçin Mehdiyev/
Azərbaycanda gimnastika idman növünün inkişafı üçün gözəl şərait yaradılıb. Bu barədə Trend-ə martın 4-6-da Bakıda keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatına tamaşa etməyə gəlmiş gimnastika azarkeşi Əfsanə Hüseynli deyib.
Hazırda azyaşlı qızının gimnastika ilə məşğul olduğunu bildirən Ə.Hüseynli bir zamanlar Azərbaycanda gimnastika ilə məşğul olmaq üçün yaxşı şəraitin olmadığını qeyd edib: "Gimnastikaya özümün də həvəsim olub, ancaq o zaman belə şərait olmadığına görə məşğul ola bilməmişəm. İndi çox gözəl şərait yaradılıb, dövlətimiz idmanın inkişafına böyük diqqət yetirir və istərdim ki, qızım bu idman növü ilə məşğul olsun. Azərbaycanın birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təşəkkürümüzü bildiririk ki, övladlarımız üçün bu cür gözəl şərait yaradıb. Bu, bizim övladlarımızın həm də sağlamlığı üçün çox əhəmiyyətlidir".
Azarkeş gimnastika üzrə Azərbaycanda keçirilən yarışların həm idmançılarımız, həm də ölkəmiz üçün əhəmiyyətli olduğunu qeyd edib: "Hər dəfə bu cür yarışlara gəlib baxırıq və buradan da çox şey öyrənirik. İdmançılarımız yeni uğurlar qazanır, təcrübələrini artırırlar. Eyni zamanda, xaricdən Azərbaycana həm idmançılar, həm də tamaşaçılar gəlirlər ki, bu da ölkəmizin beynəlxalq aləmdə daha da tanınması üçün gözəl şansdır".
"Azərbaycanda gimnastikanın inkişafı üçün gözəl şərait yaradılıb"
Azərbaycanda gimnastika idman növünün inkişafı üçün gözəl şərait yaradılıb.