Azərbaycan, Bakı, 1 iyul /Trend/
Bakı 2019-cu ildə Yay Universiadasının keçirilməsinə namizəd ola bilər. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə Rusiya Tələbələr İttifaqının rəhbəri Oleq Matısin Beynəlxalq Tələbə İdmanı Federasiyası (FISU) İcraiyyə Komitəsinin yekunlarına həsr edilmiş iclasda deyib.
Xatırladaq ki, FISU İcraiyyə Komitəsinin iclası iyunun 30-dan iyulun 1-dək Cənubi Koreyanın Kvanco şəhərində keçirilir.
O.Matısin bildirib ki, bu gün Universiada-2019-un keçirilməsi ilə bağlı potensial namizədlər arasında bir neçə ölkə nəzərdən keçirilir: "Bu ölkələr arasında İtaliya, Türkmənistan və Azərbaycan da var".
O, həmçinin qeyd edib ki, hələlik namizədliklə bağlı heç bir qərar qəbul edilməyib: "Universiada-2019-un keçirilməsi ilə bağlı heç bir ölkədən rəsmi müraciət daxil olmayıb. Danışıqlar aparılır".
Qeyd edək ki, 2019-cu il Qış Universiadası Krasnoyarskda keçiriləcək.