...

Şəhriyar Məmmədyarov: "Təxminən 10 il əvvəl belə vəziyyətdə uduzmuşdum" (FOTO)

İdman Materials 17 Sentyabr 2015 20:09 (UTC +04:00)
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/16 final mərhələsinin ilk oyununda Şəhriyar Məmmədyarov hindistanlı idmançı Panayapan Seturaman üzərində qələbə qazanıb.
Şəhriyar Məmmədyarov: "Təxminən 10 il əvvəl belə vəziyyətdə uduzmuşdum" (FOTO)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/16 final mərhələsinin ilk oyununda Şəhriyar Məmmədyarov hindistanlı idmançı Panayapan Seturaman üzərində qələbə qazanıb.

Dünya Kubokunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdən sonra Ş.Məmmədyarov mətbuat konfransında iştirak edib. Təcrübəli şahmatçı əvvəlcə görüşlə bağlı fikirlərini açıqlayıb: "Bu dəfə fərqli oynadım. Rəqib isə məndən başqa gediş gözləyirdi. İlk dəfədir ki, həyatımda belə bir variantdan istifadə etdim. Təxminən 10 il əvvəl belə vəziyyətdə uduzmuşdum. Bu dəfə isə ehtiyatı əldən vermədim. Sona yaxın bir gediş üzərində xeyli düşündüm. Partiya başa çatdıqdan sonra həmin gedişlə bağlı rəqibimə sual verdim. O isə bildirdi ki, fərqli oynayacaqdı. Belə çıxır ki, 50 dəqiqə boş yerə düşünmüşəm" (gülür).

Şahmatçımız rəqibi haqqında da danışıb: "Təbii ki, rəqibim güclüdür. O, əvvəlki 2 mərhələdə 4 oyundan 3-də qalib gəlib, 1 dəfə heç-heçə oynayıb. Tay-brekin nə olduğunu bilmir. Hazırda yaxşı formadadır. Bu gün qalib gəlsəm də, rəqib güclüdür. Ümumiyyətlə, hər rəqibə hörmətlə yanaşmaq lazımdır".

Ş.Məmmədyarov qeyd edib ki, Dünya Kubokunda iştirakçılar xeyli güc itirirlər: "Dünya Kubokunun qəribəliyi bundadır ki, yarış getdikcə idmançı yorulur. Sona yaxın şahmatçılar adi səhvlərə yol verirlər. Qələbə qazanmaq hər zaman xoşdur. Amma çox güc itirirsən. Elə oyunçular var ki, hər mərhələdə tay-brekdə oynayırlar. Bu isə o deməkdir ki, ardıcıl hər gün 8-9 saat düşünürsən. Yorğunçuluq qaçılmazdır. Çalışmaq lazımdır ki, maraqlı oyunlar olsun".

Xəbər lenti

Xəbər lenti