...

Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək

İdman Materials 22 Dekabr 2015 10:35 (UTC +04:00)
Güləş üzrə böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək.
Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək

Bakı. Trend:

Dekabrın 25-27-də Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, Gənclər və İdman Nazirliyi və federasiyanın birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 18 yaşı tamamlamış, 1997-ci il və yuxarı yaşlı idmançılar iştirak edə bilərlər. Şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaqlar.

Dünya Güləş Birliyinin qaydalarına əsasən keçiriləcək yarışlar Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunacaq. Sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 86, 97 və 125 kq-a qədər, yunan-Roma güləşçiləri isə 59, 66, 71, 75, 80, 85, 98 və 130 kq-a qədər çəki dərəcələrində qüvvələrini sınayacaqlar.

Proqrama əsasən, dekabrın 24-də saat 16:00-da Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında ilk çəki prosesi həyata keçiriləcək. Sərbəst güləş üzrə yarışların keçiriləcəyi ilk gündə 57, 61, 65, 70, 74 kq çəki dərəcələrində güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcək. Dekabrın 26-da 86, 97 və 125 kq sərbəst, 59, 66, 71 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri, son gündə isə 75, 80, 85, 98 və 130 kq yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti