Bakı. Trend:
"Şahin" hərbi-idman oyununun respublika final yarışı keçiriləcək.
Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirin proqramına əsasən 9 mayda saat 16:00-dan 17:00-dək iştirakçı komandalar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.
10 mayda saat 10:00-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Şahin" hərbi-idman oyununun respublika final yarışının açılış mərasimi keçiriləcək və yarışının qalibləri həmin gün müəyyənləşəcək.
1996-cı ildən keçirilən "Şahin" hərbi-idman oyununda VIII və X sinif şagirdləri iştirak edir. Komandalar yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınayırlar.
Bakı şəhəri üzrə keçirilən zona birinciliyində I, II və III yerləri tutmuş komandalar, digər 8 zonanın hər birindən isə I və II yerləri tutmuş komandalar respublika final yarışında iştirak etmək hüququ qazanırlar.
Komandanın tərkibi 14 nəfərdən (10 oğlan 4 qız) ibarətdir. Final yarışında 19 komandanın iştirakı nəzərdə tutulub.
Bu tədris ilində oyunların keçirilməsinin 20 illiyi tamam olur.