...

MFL-in “Dostluq üçün futbol” proqramında iştirak edəcək səfirinin təqdimatı keçirildi (FOTO/VİDEO)

İdman Materials 1 İyun 2018 17:07 (UTC +04:00)
Beynəlxalq Futbol və Dostluq Gününə həsr olunmuş tədbir keçirilib.
MFL-in “Dostluq üçün futbol” proqramında iştirak edəcək səfirinin təqdimatı keçirildi (FOTO/VİDEO)

Bakı. Trend:

Mayın 28-də Bakıda Azərbaycanda ən böyük həvəskar liqası MFL-in təşkilati dəstəyi, eləcə də “Dostluq üçün futbol” beynəlxalq layihəsi ilə birgə Beynəlxalq Futbol və Dostluq Gününə həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə AFFA-nın nümayəndəsi Yusif Vəliyev, MFL-in direktoru Rəhman Hacıyev, MFL-in koordinatoru Vaqif Axundov, “Dostluq naminə futbol” (Football for Friendship) proqramının Azərbaycandakı nümayəndəsi Rüstəm Əzimov, məşqçi Eldar Ağaxanov, “Dostluq naminə futbol” proqramının Azərbaycandan olan ötənilki qalibi Rəvan Kazımov, jurnalist Feliks Vişnevetskiy və digər şəxslər iştirak ediblər.

Tədbirin aparıcısı Murad Axundov bildirib ki, ötən il MFL-in ən yaxşı oyunçusu olmuş Alisalam Həmidov (“Sirena Motors”) “Dostluq naminə futbol” proqramı çərçivəsində bu il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına yollanacaq. Onunla birlikdə gənc futbolçumuz Conatan Ferqüsson və gənc jurnalistimiz Rəna Əliyeva da Moskvada dünya çempionatını birlikdə izləmək imkanı əldə edəcəklər.

“Dostluq naminə futbol” proqramının çox uğurlu bir layihə olduğunu deyən MFL-in direktoru Rəhman Hacıyev MFL-in sözügedən layihədə iştirak etməsindən məmnunluğunu ifadə edib: “Çox şadam ki, MFL də “Dostluq naminə futbol” proqramında təmsil olunur və ora öz səfirini göndərir. Çünki Alisalam Həmidov ora bir səfir kimi yollanacaq və hətta orada uşaqlar üçün master-klas da keçirəcək. Əlsalamı təbrik edir, ona uğurlar arzu edirəm. Çünki yaxşı bir futbolçu olmaqla yanaşı, həm də gözəl insandır”.

AFFA-nın nümayəndəsi Yusif Vəliyev tədbir iştirakçılarını AFFA rəhbərliyi adından salamlayıraq MFL-in ölkədə futbolun kütləviləşdirilməsindəki rolundan danışıb: “MFL yarandığı ilk gündən AFFA tərəfindən dəstəklənib. Həqiqətən də onun Azərbaycanda futbolun kütləviləşdirilməsində böyük payı var. Bu münasibətlə MFL-i təbrik edir və gələcək fəaliyyətində uğurlar arzu edirəm”.

“Dostluq naminə futbol” proqramının Azərbaycandakı nümayəndəsi Rüstəm Əzimov sözügedən proqramın əhəmiyyətindən danışaraq layihəyə olan marağın ildən ilə artdığını vurğulayıb: “Dostluq naminə futbol” proqramı demək olar ki, bütün dünyanı birləşdirir. Bu il burada 211 ölkənin nümayəndələri iştirak edəcək. Onlar Moskvada bir araya gələrək dostluq naminə futbol ətrafında birləşəcəklər. İnanıram ki, keçən il olduğu kimi bu il də bizim təmsilçimiz Conatan Ferqüsson gözəl futbol nümayiş etdirəcək və Rəvan Kazımovun uğurunu təkrarlayaraq turniri medalla başa vuracaq”.

Çıxışlardan sonra “Dostluq naminə futbol” proqramında ölkəmizi təmsil edəcək Conatan Ferqüsson və Rəna Əliyeva tədbirdə iştirak edən qonaqların qoluna dostluq rəmzi olan qolbaqlar taxıblar.

Mötəbər turnirdə ölkəmizi 12 yaşlı gənc qapıçı Conatan Ferqüsson təmsil edəcək. 2005-ci ildə Bakıda doğulub Ferqüsson Kosta-Rika, Qırğızıstan, Sent-Lüsiya, Laos və Kamar adalarından olan gənc oyunçularla birlikdə çıxış edəcək.

Azərbaycandan Moskvaya gənc jurnalist kimi isə Rəna Əliyeva göndəriləcək.

Qeyd edək ki, “Qazprom” İSC-nin himayədarlığı ilə “Dostluq üçün futbol” Beynəlxalq Uşaq Sosial proqramı 2013-cü ildən keçirilir. Layihənin məqsədi – uşaq futbolunu inkişaf etdirərək uşaqlarda digər xalqlar və mədəniyyətlərə etiram və tolerantlığı tərbiyə etməkdir.

Forumun iştirakçıları səkkiz dəyəri: dostluq, bərabərlik, ədalət, sağlamlıq, əmin-amanlıq, sədaqət, qələbə, adət-ənənə və dürüstlüyü təbliğ edir. Proqramda gənc futbolçular (qızlar və oğlanlar, hətta fiziki qüsurlu gənclər), “Dostluq üçün futbol” Uşaq Mətbuat Mərkəzi çərçivəsində gənc jurnalistlər iştirak edir. Son 5 il ərzində proqramda 3,7 mindən çox uşaq iştirak edib.

“Dostluq üçün futbol” layihəsi çərçivəsində minlərlə uşaq və yeniyetmə yoldaşlıq oyunları, açıq məşqlər, fleşmob və idman şənliklərində iştirak edirlər.

Həmin gün bərabərlik, digər xalqların mədəniyyətlərinə hörmət, əmin-amanlıq şəraitində yaşamaq kimi insani dəyərləri qiymətləndirənlər qollarına göy-yaşıl qolbaq taxır. Göy rəng – aydın səmanı, yaşıl isə - hər kəs üçün əlçatan olan futbol meydançasını simvolizə edir. Dünyanın bir çox ölkələrindən olan aparıcılar, jurnalistlər, artistlər iştirakçıları dəstəkləyir.

Xatırladaq ki, 2017-ci ildə Azərbaycanı turnirin qalibi olmuş Rəvan Kazımov təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti