Bakı. Cani Babayeva - Trend:
Gimnastlarımız üçün yaradılmış şəraitə görə Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümü bildirirəm.
Bunu Trend-ə Milli Gimnastika Arenasında davam edən bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyini izləmək üçün İsmayıllı rayonundan gəlmiş tamaşaçı Nərgiz Mehdiyeva deyib.
N.Mehdiyeva bildirib ki, dövlət ölkədə idmanın inkişafına böyük diqqət ayırır.
Tamaşaçı qeyd edib ki, o, Bakıya yarışlarda iştirak edən nəvəsini dəstəkləmək üçün gəlib:
“Mən ikinci dəfədir Milli Gimnastika Arenasına gəlirəm. Burada yarışlar çox gözəl keçirilir. Biz yarışlara baxarkən zövq alırıq”.
Qeyd edək ki, 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilir.
Turnirin son günü isə Bölgələrarası Kubok start götürəcək. Sayca 5-ci olan bu kubokda bölgələrimizi təmsil edən gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında öz çıxışlarını hakimlərə nümayiş etdirəcəklər.
Yarışların ən maraqlı məqamı da məhz son günə təsadüf edəcək. Belə ki, ötən il olduğu kimi, bu il də təşkilatçılar “Qızıl Yaş” adlı şou hazırlayaraq, tamaşaçılara məşqçilərin iştirakı ilə maraqlı gimnastika nömrələri təqdim edəcəklər.