Bakı. Cani Babayeva - Trend:
Milli Gimnastika Arenasında "yeniyetmələr" yaş kateqoriyasında idmançılar arasında Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı çempionatının qalibləri müəyyənləşib.
Trend-in məlumatına görə, qaliblərin mükafatlandırma mərasimi keçirilib.
"Yeniyetmələr" yaş kateqoriyasında idmançılar arasında çoxnövlü (alətsiz, ip, halqa) fərdi mübarizədə birinci yeri Kamilla Seyidzadə (41.950 xal), ikinci yeri Fatimə Məmmədzadə (37.050 xal), üçüncü yeri isə Mədinə Dəmirova (36.800 xal) tutub. Hər üç gimnast da “Ocaq Sport” Klubunun təmsilçiləridir.
Qeyd edək ki, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı çempionatına start verilib.
Yarışlarda fərdi gimnastlar balacalar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında mübarizə aparırlar. İştirakçılar arasında “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “AyUlduz” Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, GymKids Klubu, Daxili İşlər Nazirliyinin idman məktəbi, Zirə Mədəniyyət Mərkəzi, həmçinin Sumqayıt, Gəncə, Mingəçevir və Şağan gimnastları yer alıblar.
Turnirin birinci günündə 2009-2011-ci il təvəllüdlü gimnastlar alətsiz, top və gürzlərlə yarışlarda güclərini sınayırlar.
Üç gün davam edəcək turnirdə 100-dən çox gimnast birincilik uğrunda mübarizə aparacaq.