...

Azərbaycanın iki güləşçisi Avropa çempionatının finalına yüksəlib

İdman Materials 8 Mart 2022 03:42 (UTC +04:00)
Azərbaycanın iki güləşçisi Avropa çempionatının finalına yüksəlib

Bakı. Trend:

Martın 7-də Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürüb.

Trend-in məlumatına görə, çempionatın birinci günündə yunan-Roma güləşi üzrə millimizin 4 üzvü çıxış edib.

Mübarizəyə dörddəbir finaldan qoşulan Ziya Babaşov (63 kq) israilli Abere Feteneyə 9:2 hesabı ilə qalib gələrək yarmfinala yüksəlib. Güləşçimizin yarımfinalda rəqibi bolqarıstanlı İlya Mustakov olub. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən Z.Babaşov rəqibi üzərində 6:1 hesablı inamlı qələbə qazanaraq Avropa çempionatının finalına adlayıb. Təmsilçimiz martın 8-də həlledici görüşdə gürcü Giorgi Şotadzeylə qarşılaşacaq.

Güləşçimiz Xasay Həsənli (77 kq) ilk mərhələdə yerli idmançı Martin Dimitrovu tam üstünlüklə məğlub edib - 9:0. Həmyerlimiz dörddəbir finalda macarıstanlı Kriştofer Klanyiyə də heç bir şans tanımayaraq (7:0) adını yarımfinala yazdırıb. X.Həsənli yarımfinalda serbiyalı Aleksa İliçlə üz-üzə gəlib. Rəqibini 5:1 hesabı ilə xalçadan məyus yola salan güləşçimiz finala yüksəlib. Güləşçimiz martın 8-də qızıl medal uğrunda gürcü Davit Soloqaşviliylə mübarizə aparacaq.

Milli komandamızın üzvü Laçın Vəliyev (87 kq) təsnifat mərhələsində Danimarka təmsilçisi Turpal-Ali Bisultanovla bacarmayıb - 2:10. Ancaq rəqib finaladək irəlilədiyi üçün L.Vəliyev martın 8-də türkiyəli Muhitdin Sarıçiçeklə təsəlliverici görüşə çıxacaq.

Sərxan Məmmədov (130 kq) da mübarizəyə dörddəbir finaldan qoşulub. Pəhləvanımız çexiyalı Marsel Albini üzərində qazandığı inamlı qələbə ilə (13:5) yarımfinala vəsiqə əldə edib. S.Məmmədov finala çıxmaq uğrunda türkiyəli Fatih Bozkurtla qüvvəsini sınayıb və görüşdən məğlub ayrılıb - 6:13. S.Məmmədov martın 8-də Yunanıstan təmsilçisi Nikolaos Ntuniasla üçüncü yer üçün güləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti