Bakı. Trend:
V İslam Həmrəyliyi Oyunlarında çıxışını başa vuran Azərbaycan komandasının bir qrup üzvü vətənə qayıdıb.
Trend -in məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıları Azərbaycanın idman federasiyalarının, idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər, eləcə də yaxınları və dostları qarşılayıblar.
Bu idmançılar arasında bədii və aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri də var.
Gimnastlar yarışlarla bağlı təəssüratlarını və medal qazanmağın sevincini media nümayəndələri ilə bölüşüblər.
"Mükafat qazandığımız üçün şadıq. Hazırlığı davam etdirəcəyik, qarşıda bizi vacib yarış - Dünya Çempionatı gözləyir. Çempionatda yaxşı çıxış etməyə çalışacağıq", - bədii gimnastika üzrə qrup hərəkətləri üzrə komandanın üzvü Zeynəb Hummətova deyib.
"Yarışlar yüksək səviyyədə keçdi. Hər şeyi bəyəndik, təəssüratlar müsbətdir. Nəticədən razıyıq", - deyə Vladimir Dolmatov komandaya dəstək olan hər kəsə təşəkkürünü bildirib.
Xatırladaq ki, bədii gimnastika üzrə yarışın yekunlarına görə azərbaycanlı gimnast Zöhrə Ağamirova halqa ilə proqramda gümüş, topla hərəkətdə bürünc, gürzlə proqramda qızıl, lentlə kompozisiya üzrə isə qızıl medal qazanıb.
Azərbaycanın komanda hesabında qızıl medalı var. Mükafatı fərdi gimnastlar Zöhrə Ağamirova, İlona Zeynalova və Alina Gözəlova qazanıblar.
Qrup hərəkətlərində Azərbaycan komandası çoxnövçülükdə qızıl (iki məşqin cəmi), beş halqa ilə proqramda gümüş, üç lent və iki topla hərəkətə görə qızıl medal qazanıb. Komandada Daria Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova, Güllü Ağalarzadə, Yelizaveta Luzan, Zeynəb Hümmətova yer alıb.
Azərbaycanın aerobika gimnastika komandası İslamiadada beş mükafat - iki "qızıl" və üç "gümüş" qazanıb. Vladimir Dolmatov kişilər arasında fərdi proqramda “qızıl”, Mədinə Mustafayeva qadınlar arasında fərdi proqramda “gümüş”, Dolmatov və Mustafayeva qarışıq cütlükdə “qızıl”, Xoşqədəm Quliyeva, Mədinə Mustafayevanın daxil olduğu trioda “qızıl” qazanıblar. Vladimir Dolmatov isə gümüş medal qazanıb. Bununla yanaşı, aerobika gimnastikası üzrə Azərbaycan komandası komanda hesabında İslamiadanın gümüş mükafatçısı olub.