...

Ulu Öndərin 100 illiyi münasibətilə cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilir

İdman Materials 12 Fevral 2023 00:50 (UTC +04:00)
Ulu Öndərin 100 illiyi münasibətilə cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilir

Bakı. Trend:

Fevralın 11-də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş cüdo üzrə U-13 və U-15 yeniyetmələr arasında Bakı kəndləri birinciliyinin açılış mərasimi keçirilib.

Trend xəbər verir ki, birincilik Gənclər və İdman Nazirliyi, "Bakı Abadlıq Xidməti” MMC və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF-in baş katibi Rəşad Rəsullu və digər rəsmi nümayəndələr iştirak ediblər.

Fərid Qayıbov çıxışında bildirib ki, bu il ölkədə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan müxtəlif idman tədbirləri keçirilir və Bakı Kəndlər birinciliyi də onların sırasındadır: “Turnirdə iştirakçıların sayı çoxdur, bu da o deməkdir ki, Bakının ətraf bölgələrində cüdo populyardır və inkişaf edir. Region idmançıları üçün turnir təşkil olunduğu üçün ACF-ə və Bakı Abadlıq Xidmətinə təşəkkür edirik”.

Daha sonra ACF-in baş katibi Rəşad Rəsullu çıxış edərək vurğulayıb ki, bu il ACF Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər planlaşdırıb: “Bakı Kəndləri birinciliyi ilk dəfə keçirilir və bu turnir ənənəvi olaraq hər il keçiriləcək. Turnirin əsas məqsədi cüdonun kütləviləşdirilməsi və yeniyetmələr arasında sağlam həyat tərzinin formalaşdırılmasıdır”.

R. Rəsullu iki gün ərzində keçiriləcək turnirə 400-ə yaxın idmançının qatıldığını bildirib və idmançılara uğurlar arzu edib. Baş katib turnirin keçirilməsinə dəstəyə görə Gənclər və İdman Nazirliyinə, həmçinin Bakı Abadlıq Xidmətinə təşəkkürünü bildirib.

Bakı Kəndləri turnirinin ilk günündə 20 çəki dərəcəsində 245 idmançı iştirak edir. Yarışlara fevral ayının 12-si yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti