...

Bakıdan və Sumqayıtdan gənc idmançılar Milli Gimnastika Arenasında təlim-məşq toplanışlarında iştirak edirlər

İdman Materials 19 İyun 2023 17:00 (UTC +04:00)
Bakıdan və Sumqayıtdan gənc idmançılar Milli Gimnastika Arenasında təlim-məşq toplanışlarında iştirak edirlər
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda yerləşən Milli Gimnastika Arenasında gənc idmançıların - idman gimnastikasının nümayəndələrinin təlim-məşq toplanışları keçirilir.

Trend bazar ertəsi xəbər verir ki, 15 iyun - 7 iyul 2023-cü il tarixlərində keçiriləcək toplanışlarda İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin (Bakı Gimnastika Məktəbinin), "Ocaq Sport" klubunun (Bakı və Sumqayıt) və "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin 11-13 yaşlı 20 yetirməsi iştirak edir.

Kişi idman gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi Ruslan İrqaşevin KİV nümayəndələrinə müsahibəsində qeyd etdiyi kimi, təlim-məşq toplanışlarının məqsədi gənc idmançıların hazırlıq səviyyəsini artırmaqdır.

"Toplanışlar gənc idmançıların kvalifikasiyasını yoxlamağa və onların hazırlıq səviyyəsini artırmağa imkan verəcək. Toplanışların hər bir iştirakçısı gündə üç dəfə məşqə, yüklənməyə uyğunlaşmalıdır. Toplanışlarda idmançılar hər şeylə təmin olunub: buraya gündə üç dəfə qidalanma, yaxşı bərpa, həkim nəzarəti, vitaminizasiya daxildir. İdmançılar üçün ən yaxşı şərait yaradılıb", - yığmanın baş məşqçisi deyib.

Ruslan İrqaşev həmçinin, Azərbaycanın idman gimnastikası üzrə yığmasının üzvlərini bir sıra beynəlxalq yarışların gözlədiyini vurğulayıb.

"Yığmanın üzvü Aydın Əlizadə iyulun sonunda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlaşır. Nikita Simonov, İvan Tixonov Çində keçiriləcək Yay Universiadında iştirak edəcəklər. Sonra bizi avqustun sonunda başlayacaq və sentyabrın ortalarına qədər davam edəcək Dünya Kubokları seriyası gözləyir. Daha sonra isə uzun müddətdir gözlənilən Dünya Çempionatı baş tutacaq ki, burada da Olimpiya Oyunlarına seçilmə hüququ əldə olunacaq", - o deyib.

İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirməsi Məhəmməd Rüstəmzadə qeyd edib ki, iştirakçılar toplanışlarda məşqçilərin rəhbərliyi altında yükləmələrin öhdəsindən gəlməyi öyrənir və ümumi fiziki hazırlığı yaxşılaşdırırlar.

"Bundan başqa, burada Azərbaycan yığmasının üzvlərinin məşqlərini müşahidə etmək imkanımız var, onların nümunəsində öyrənirik", - gənc gimnast deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti