Bakı. Trend:
FIFA Azərbaycanın işğaldan azad olunmuş ərazilərində futbol infrastrukturu üçün maliyyə vəsaiti ayıra bilər.
Trend xəbər verir ki, bu barədə FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov “Anadolu” agentliyinə açıqlamasında deyib.
Funksioner bildirib ki, maddi dəstək “FIFA Forward” proqramı çərçivəsində həyata keçiriləcək: “Müharibələrdə infrastruktura ciddi ziyan dəyir. Savaşlar bitdikdən sonra zərər çəkən ölkələrə dəstək göstərəcəyik. Bir gün dünyaya sülh gələcək. Futbol insanları birləşdirəcək, dünya daha qlobal olacaq".
E. Məmmədovun sözlərinə görə, 2016-cı ildən həyata keçirilən layihə çərçivəsində FIFA-ya üzv olan 211 milli assosiasiyaya fərq qoyulmadan ümumilikdə 2,8 milyard ABŞ dolları məbləğində yardım edilib: “Türkiyə futbol ölkəsidir. FIFA burada futbolun inkişafına xüsusi önəm verir. Türkiyə Futbol Federasiyası ilə sıx əlaqədəyik. Ölkənin bütün kənd və şəhərlərində futbol oynanılır. İndiyədək “FIFA Forward” proqramı çərçivəsində Türkiyəyə ümumilikdə 9,8 milyon dollar vəsait ayrılıb. Bu dəstək gələn il də davam edəcək”.