...

“Qarabağ”dan onu gözləmirdim - Azər Bağırov

İdman Materials 15 Aprel 2024 14:58 (UTC +04:00)
“Qarabağ”dan onu gözləmirdim - Azər Bağırov

Bakı. Trend:

Oyun çox sürpriz başladı. İlk dəqiqədə qol “Araz-Naxçıvan”ı sındırdı.

Trend istinadən xəbər verir ki, bunu İdman.biz-ə “Araz-Naxçıvan”nın sabiq baş məşqçisi Azər Bağırov deyib.

39 yaşlı çalışdırıcı Elmar Baxşıyevin bölgə təmsilçisində ilk sınağını dəyərləndirib. O, “Neftçi”yə 0:3 hesablı məğlubiyyətdə Naxçıvan təmsilçinin şansları olduğunu bildirib:

“Matçın gedişatında “Araz-Naxçıvan” özünə gəldi. Görüşün gedişində rəqibi öz cərimə meydançasına da oturtdular. Komandanı tanıdığımdan rahat deyə bilirəm ki, hesaba baxmayaraq, futbol oynayırdılar. Matçda geridönüş oldu, amma “Neftçi” strategiyasını dəyişib, əks-hücumdan oynamağa başladı. Naxçıvanlıların şansları oldu. Epizodlardan istifadə edə bilsəydilər, nəticə də fərqli ola bilərdi”.

Bağırov “Qarabağ”ın “Sabah”a 2:3 hesablı məğlubiyyətini də şəhr edib:

“Qurban Qurbanovun komandası çempionluğunu rəsmiləşdirdiyi üçün sanki tam gücünü ortaya qoya bilmir. Bəzən elə vəziyyətlər olur ki, futbolçular artıq “doymuş” kimi hiss olunurlar. Bunu daha çox Abdulla Zubirdə görmək mümkündür. Matç azarkeşlər üçün çox maraqlı keçdi. Bol qollu oldu, intensivlik var idi. “Qarabağ”ın uduzmağını gözləmirdim. Ən azı heç-heçə olacağını düşünürdüm”.

Onun sözlərinə görə, turun ən maraqlı matçlarından biri “Qəbələ” - “Turan Tovuz” (1:2) qarşılaşması olub. Bağırov bildirib ki, Kaxaber Tsxadadzenin komandasının məğlubiyyətinə əsas səbəb mərkəz xəttidir:

“Turan-Tovuz”un geridönüşü maraqlı alındı. Tovuzluların qolları zamanı qapıçı səhvi olduğunu bildirirlər. Amma mən elə fikirləşmirəm. Kristofe Atanqana bir çox epizodlarda komandanı xilas etdi. Meydannın mərkəzi, “6” və “8” nömrə mövqeləri “Qəbələ”nin uduzmağına əsas səbəb oldu. Bu mövqelər zəif idi və müdafiə planında çox axsayırdı”.

Qeyd edək ki, 30 turdan sonra 72 xalla “Qarabağ” liderdir. 47 xalla “Neftçi” 2-ci, ondan 1 xal geri qalan “Zirə” 3-cüdür.

Xəbər lenti

Xəbər lenti