...

Azərbaycan futbolçuları Çempionlar Liqasında

İdman Materials 18 Sentyabr 2024 17:50 (UTC +04:00)

Bakı. Trend:

Dünən start götürən UEFA Çempionlar Liqasında bütün dövrlər ərzində ən çox oyun keçirən futbolçu Kriştianu Ronaldudur.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, portuqaliyalı Avropanın ən mötəbər klub turnirində 183 dəfə meydana çıxıb.

Maraqlıdır ki, Kriştianu Ronaldu ötən mövsüm özünü Asiya Çempionlar Liqasında da sınayıb: “Əl-Nəssr”in futbolçusu bu yarışda 8 matçda (6 qol) çıxış edib.
Artıq karyerasını bitirmiş ispaniyalı İker Kasilyas UEFA Çempionlar Liqasında 177, argentinalı Lionel Messi isə 163 oyun keçirib. Messinin ötən mövsüm CONCACAf Çempionlar Liqasında iştirak etdiyini (3 oyun, 2 qol) də xatırladaq.

Bəs Azərbaycan futbolçularından kimlər UEFA Çempionlar Liqasında oynayıblar?

Hazırda ölkəmiz nüfuzlu yarışda təmsil olunmasa da, 2017/18 mövsümündə “Qarabağ” burada mübarizə aparıb. Məhz həmin uğurun sayəsində Azərbaycan millisinin bəzi futbolçuları Çempionlar Liqası təcrübəsi qazanıblar. Onlardan Qara Qarayev, Maksim Medvedev və milliləşdirilmiş Riçard Almeyda “Qarabağ”ın o vaxt keçirdiyi 6 oyunun hamısında forma geyiniblər.

Mahir Emrelinin hesabında da Çempionlar Liqasında 6 matç var. Amma “Qarabağ”la 5 oyuna çıxan hücumçu 2022-ci ildə Zaqreb “Dinamo”sunun heyətində “Çelsi” ilə qarşıaşmanın ikinci hissəsində də forma geyinib.

Rəşad Sadıqov həmin 2017/18 mövsümündə 5 qarşılaşmada meydanda olub və bir qırmızı vərəqə alıb. Bədavi Hüseynov və yenicə “Qəbələ”yə keçən Elvin Yunuszadə hərəyə 3 oyun keçiriblər.

1997-1999-cu illərdə Azərbaycan millisində çıxış etmiş yarımmüdafiəçi Narvik Sirxayevin də Çempionlar Liqasında 3 oyunu var: o, 2002-2003-cü illərdə Moskva “Lokomotiv”inin heyətində “Brügge”, “Milan” və Madrid “Real”ına qarşı mübarizə aparıb.

Yenə qayıdaq “Qarabağ”a: Ramil Şeydayev, Əfran İsmayılov və Çoşqun Diniyev hərəyə 2, Ağabala Ramazanov isə 1 qarşılaşmada forma geyiniblər.

Milliləşdirilmiş Filip Ozobiç də 2010-cu ildə Moskva “Spartak”ının heyətində Çempionlar Liqasında 1 oyun keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti