...

Bakıda ilk dəfə “TeamGym” üzrə Avropa  çempionatına start verilib (FOTO)

İdman Materials 16 Oktyabr 2024 16:00 (UTC +04:00)
Bakıda ilk dəfə “TeamGym” üzrə Avropa  çempionatına start verilib (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın paytaxtı yenidən gimnastikasevərlərin diqqət mərkəzlərindən birinə çevrilir. Oktyabrın 16-dan 19-dək Bakıda ilk dəfə olaraq “TeamGym” üzrə Avropa çempionatına start verilib.

Trend-in məlumatına görə, bu, 3 alət üzrə çıxışları əhatə edən komanda yarışıdır. İştirakçılar “TeamGym” xalçası, akrobatika cığırı və trampet (mini batut) üzərində bacarıqlarını nümayiş etdirəcəklər. Avropa qitəsinin ən yaxşı komandaları Milli Gimnastika Arenasında çempion titulu uğrunda mübarizə aparacaqlar. Tamaşaçılar bu yeni inkişaf edən növ üzrə çıxışları ilk dəfə izləyəndə izaholunmaz duyğular yaşayacaqlar.

“TeamGym” Azərbaycanda 2018-ci ildən inkişaf etdirilməyə başlanılıb. Bu gün ölkəmizdə gimnastikanın bu növü üzrə həm peşəkar idmançılarımız, məşqçilərimiz, həm də hakimlik korpusunun nümayəndələri var. “TeamGym”də qələbə qazanmaq üçün fərdi bacarıq və səriştələrdən əlavə, uğurlu komanda işi də vacibdir. Burada qalib psixoloji, eyni zamanda fiziki cəhətdən hazır olan şəxslərdir.

Milli Gimnastika Arenasında Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Norveç, İsveç və təbii ki, yarışın ev sahibi komandasının idmançıları çıxış edəcəklər.

Gənclər və idman naziri, Avropa Gimnastikasının rəhbəri Fərid Qayıbov açılış nitqi ilə çıxış edib.

O bildirib ki, bu növ üzrə yarış Azərbaycanda ilk dəfə keçirilir.

“Ölkə Prezidenti İlham Əliyevin idmana verdiyi dəstəyi hər kəs bilir. Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Gimnastika Federasiyası isə dünyanın ən fəal federasiyalarından biridir. Arenada bir neçə dəfə dünya və Avropa çempionatları keçirilib və indi biz daha bir maraqlı yarışın şahidi olacağıq”, - deyə Qayıbov vurğulayıb.

O, əlavə edib ki, "TeamGym" gimnastikanın bir çox növlərini birləşdirən xüsusi növdür: “Onun getdikcə daha çox pərəstişkarı var. On dörd ölkədən gimnastların iştirak edəcəyi Avropa çempionatına Azərbaycan millisi də tam hazırdır. Bütün iştirakçılara uğurlar arzulayıram”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti