...

Yaponiya səfiri: Xəzərdə neftçıxarma bizim üçün böyük əhəmiyyət kəsb edir (FOTO)

İqtisadiyyat Materials 27 Oktyabr 2016 12:20 (UTC +04:00)
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsukuo Takaxaşi Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyi ilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.
Yaponiya səfiri: Xəzərdə neftçıxarma bizim üçün böyük əhəmiyyət kəsb edir  (FOTO)

Bakı. Trend:

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsukuo Takaxaşi Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyi ilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.

Caspian European Club-dan Trend-ə verilən məlumata görə, görüş zamanı Caspian European Club (Caspian Business Club) və Caspian Energy İnternational Media Group çərçivəsində Azərbaycanla Yaponiya arasında informasiya əməkdaşlığını genişləndirmək perspektivlərinə toxunulub, Xəzər regionunun Yaponiyanın enerji təhlükəsizliyi üçün mühüm rol oynadığı vurğulanıb. Xəzər Fars körfəzi regionundan sonra dünyada ikinci dəyərli enerji ehtiyatları mənbəyidir.

T.Takaxaşi qeyd edib ki, Yaponiya tamamilə idxaldan asılı ölkə olduğu üçün neft mənbələrinin diversifikasiyası bizim üçün əhəmiyyətlidir: "Bu gün neftin 8 faizini Rusiyadan, digər hissəsini isə Yaxın Şərq dövlətlərindən əldə etdiyimizdən Xəzərdə neftçıxarma bizim üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında aparıcı rola malikdir. Bununla yanaşı, Azərbaycan “Cənub Qaz Dəhlizi” boru kəmərinin inşasında mühüm təşəbbüsçü rolunu oynayır. Bu isə XXI əsrdə onun Avropa qaz bazarında iştirakının əhəmiyyətliliyinə zəmanət verir. Mən Azərbaycanın gələcəkdə qaz-neft sahəsində daha böyük uğurlar qazanacağına inanıram”.

Səfir olaraq yaxın gələcəkdə Azərbaycana yüksək səviyyədə səfərin gerçəkləşməsini arzulayıram.

Diplomat deyib ki, bu gün Yaponiya-Azərbaycan əlaqələri əsasən neft sahəsinə yönəldilib. Yaponiya şirkətləri ələlxüsus da “Azəri-Çıraq-Günəşli” layihəsində iştirak edir və BTC-nin səhmdarlarıdır: "Azərbaycanın qeyri-neft sektorundakı potensialını nəzərə alsaq, işgüzar əməkdaşlığın başqa sahələrdə də irəliləyəcəyini söyləyə bilərik. İSUZU yük avtomobillərinin yığılması zavodunun inşası buna sübutdur".

Diplomatın sözlərinə görə, bir çox Yaponiya şirkətləri Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlıdır və onlar investisiya mühitinin təkmilləşməsi prosesini müşahidə edirlər: "Yaponiya iqtisadiyyatın diversifikasiyasında, kənd təsərrüfatının, turizmin, nəqliyyatın, o cümlədən alternativ energetikanın inkişafında, yol infrastrukturunun təşkilində Azərbaycan hökumətinin qarşıya qoyduğu məqsədi dəstəkləyir. “Yaponiyanın güzəştli kreditlərindən yararlanaraq bu günə kimi biz İES-in tikintisini həyata keçirmişik. İndi Azərbaycanda elektrik enerjisinin altıda bir hissəsi Yaponiya dövlətinin dəstəyi ilə istehsal olunur. Bu, bizim üçün fəxrdir”.

Yaponiyada islahatların gedişatı diqqətlə izlənilir. Tsukuo Takaxaşinin sözlərinə görə, Azərbaycan hökuməti investisiya mühitinin təkmilləşməsinə böyük əhəmiyyət verir: “Ümid edirəm ki, həmin proses nəticəsində Yaponiya şirkətləri bu islahatlarda fəal iştirak edəcəklər. Mən Azərbaycan dövlətinin iqtisadi islahatlar və investisiya mühitinin təkmilləşdirilməsi sahəsindəki cəhdlərini dəstəkləyirəm”.

Görüşün sonunda səfir Caspian Energy jurnalına eksklüziv müsahibə verib. Müsahibə zamanı o, enerji təhlükəsizliyi mövzusundan, enerji ehtiyyatının yeni növlərinin əldə edilməsi imkanlarından, Yaponiyanın hasilat texnologiyasını təkmilləşdirməsindən, dünya enerji bazarlarındakı vəziyyətdən və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafından daha ətraflı bəhs edib, turizm sektorunun inkişaf perspektivlərini xüsusilə vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti