...

"Kaspersky Lab" 2016-cı ilin zərərli proqramlarının inkişafını araşdırıb

İqtisadiyyat Materials 28 Dekabr 2016 12:27 (UTC +04:00)
2016-cı il tarixə fərdi istifadəçilər və şirkətlərin məlumat və qurğularını “girov” götürən proqram şifrələyicilərinin və zərərli proqramların inkişafı ili kimi düşə bilər.
"Kaspersky Lab" 2016-cı ilin zərərli proqramlarının inkişafını araşdırıb

Bakı. Trend:

2016-cı il tarixə fərdi istifadəçilər və şirkətlərin məlumat və qurğularını “girov” götürən proqram şifrələyicilərinin və zərərli proqramların inkişafı ili kimi düşə bilər. “Kaspersky Lab” şirkəti bu cür zərərli proqramlardan istifadə ilə hücumların intensivliyi son 12 ayda ən az iki dəfə, şifrələyicilərin yeni modifikasiyalarının sayı isə 11 dəfə artdığını qeydə alıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, Troyan-şantajçıların arasında isə 62 yeni ailə yaranıb. Bundan başqa, kibercinayət aləmində sözügedən zərərverici proqramları işləyib hazırlamağa təcrübəsi və ya istəyi çatmayanlara “icarəyə vermək” anlayışı daha çox dəbə düşüb. İlin əvvəlində “Kaspersky Lab” şirkətinin təqdim etdiyi həllər şifrələyicilərin hücumlarının qarşısını şirkətlərdə hər iki dəqiqədə bir, fərdi istifadəçilərdə isə 20 saniyədən bir alır. İlin sonuna bu göstəricilər tam olaraq dəyişib: artıq bizneslər zərərverici proqramlarla hər 40 saniyədən bir (yəni 3 dəfə daha çox), fərdi istifadəçilər isə hər 10 saniyədən bir üzləşirlər (2 dəfə daha çox).

Şifrələyicilərin bizneslərə hücumlarının sayının artması 67% şirkətin bütün məlumatlarını və ya bir hissəsini itirməsinə səbəb olub, hər beşinci qurum isə tələb olunan məbləği ödəsə belə faylları bərpa edə bilməyib. Zərərverici proqramlardan demək olar ki, bütün sahələrə zərər dəyməsinə baxmayaraq bəzi sahələr 2016-cı ildə daha çox zərbəyə məruz qalıb. Belə ki, təhsil, İT və telekommunikasiya, əyləncə və KİV, həmçinin maliyyə şirkətlərinin ¼ hissəsi şifrələyicilərin qurbanına çevriliblər.

Hazırda məlumatlara çıxışın geri qaytarılması üçün tələb olunan məbləğin ortalama qiyməti 300 ABŞ dolları təşkil edir, lakin bəzi kibercinayətkarlar daha çox məbləğ tələb edərək ona sahib çıxıb. Cinayətkarların əksəriyyəti bitkoinlərlə ödənişə üstünlük verir, daha peşəkar olanları isə istifadəçilərə bu kriptovalyutanın alınması üçün konsultasiya və texniki dəstək xidməti göstəriblər. “Kaspersky Lab” şirkətinin mütəxəssisləri qeyd edir ki, şifrələyicilər daha mürəkkəb və müxtəlif hallarda ortaya çıxır. Belə ki, “Shade” troyan virusu kimi maliyyə proqram təminatı ilə rastlaşan bu viruslar standart şəkildə faylları şifrələmək əvəzinə sistemdə gələcəkdə pul oğurlamaq məqsədilə “casus” proqram yerləşdirir. Bununla yanaşı, ayrı-ayrı faylları deyil, məhz vacib fayl cədvəllərini və ya bütün sərt diski şifrələyən cinayətkarlara daha mütəmadi rast gəlmək olur.

Eyni zamanda, tədqiqatçılar aşkar edib ki, 2016-cı ildə ilk dəfə olaraq rast gəlinən zərərli proqramlar kifayət qədər aşağı keyfiyyətdə, yəni, sadə, kodlaşdırılmada səhvlərlə və ödəniş tələb olunan mətndə hərf səhvləri olub. Bu hal ondan xəbər verir ki, şifrələyicilər asan gəlir əldə etmə üsulu kimi kifayət qədər məşhurluq qazanıb və bu da onlara proqram təminatı işləyib hazırlamaq üçün lazımi bilikləri olmayan az ixtisaslaşmış kibercinayətkarları cəlb etməyə şərait yaradır. Məhz bu həvəskar qrup zərərverici proqramların xidmət kimi inkişafına səbəb olublar – 2016-cı ildə daha çox virus yazıcılar bu cür zərərverici proqramları öz əməkdaşlarına müəyyən ödəniş qarşılığında təklif ediblər.

“Zərərverici proqramlar və şifrələyicilər gəlirli kibercinayətkarlıq biznesidir. Ona qarşı çıxmağın yeganə yolu isə informasiya təhlükəsizliyi sahəsində ekspertlər, hüquq-mühafizə orqanları, biznes və cəmiyyətin güclərini bir araya gətirməkdir. Qarşıda duran əsas məsələ cinayətkarların hücumlarını və gəlir əldə etmələrini çətinləşdirməkdir. “Kaspersky Lab” şirkətinin Evropol, Niderland polisi və “Intel Security” ilə birgə təşəbbüsü olan “No More Ransom” layihəsi 6 ay ərzində 6 000 istifadəçiyə öz məlumatlarını bərpa etməyə və cinayətkarlara ödəniləsi olan 1,5 milyon dolları qənaət etməyə kömək edib. Buna görə də 2016-cı il sadəcə şifrələyicilərin inkişaf dövrü olaraq yox, həm də dünyada bu təhlükəyə qarşı təşkilatlanmış hərəkatın başlanması ilə yadda qalacaq”, - deyə “Kaspersky Lab” şirkətinin aparıcı antivirus analitiki Fyodor Sinitsin qeyd edib.

Bu ilin ən əsas təhlükəsi olan şifrələyicilər və zərərverici proqramlar haqqında ətraflı məlumat almaq üçün “Kaspersky Lab” şirkətinin analitik hesabatı ilə tanış ola bilərsiniz:
https://securelist.ru/analysis/ksb/29788/kaspersky-security-bulletin-2016-story-of-the-year/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti