...

Bakı Fond Birjası Avrasiya Fond Birjaları Federasiyasının tərkibindən çıxıb

İqtisadiyyat Materials 14 İyun 2017 18:20 (UTC +04:00)
“Bakı Fond Birjası” QSC-nin Səhmdarlarının növbəti İllik Ümumi Yığıncağı keçirilib.
Bakı Fond Birjası Avrasiya Fond Birjaları Federasiyasının tərkibindən çıxıb

Bakı. Trend:

Bu gün Bakı Fond Birjası QSC-nin Səhmdarlarının növbəti İllik Ümumi Yığıncağı keçirilib.

Qurumdan Trend-ə verilən məlumata görə, iclas zamanı, yığıncağın gündəliyinə müvafiq olaraq, “Bakı Fond Birjası” QSC-nin 2016-ci il üzrə illik hesabatının (maliyyə hesabatları və idarəetmə hesabatı) təsdiq edilməsi, BFB-nin Avro-Asiya Fond Birjaları Federasiyasından (FEAS) çıxması və BFB-nin yeni sədrinin təsdiq edilməsi məsələsi müzakirə edilib.

Ümumi Yığıncaq ərzində səhmdarlar tərəfindən “Bakı Fond Birjası” QSC-nin 2016-cı il üzrə yekun illik hesabatı (maliyyə və idarəetmə hesabatları) müzakirə olunub və təsdiq edilib.

İkinci məsələ ilə əlaqədar olaraq, BFB-nin Avrasiya Fond Birjaları Federasiyasından (FEAS) çıxması səhmdarların qərarı ilə təsdiq olunub. Qeyd edək ki, Bakı Fond Birjası 2001-ci ildən etibarən FEAS-ın üzvü olub. Təşkilatda baş verən son tendensiyalar federasiyanın gələcək fəaliyyət perspektivlərini ciddi məhdudlaşdırır, dayanıqlığını şübhə altına alır, təşkilatın beynəlxalq, o cümlədən regional nüfuzunu və strateji əhəmiyyətini kəskin azaldır. BFB və İstanbul Fond birjası da daxil olmaqla təşkilatı artıq 7 üzv tərk edib.

İclas zamanı Bakı Fond Birjasının Səhmdarlarının qərarı ilə İdarə Heyətinin sədri vəzifəsinin səlahiyyətlərinin icra edən Vüqar Namazov şirkətin İdarə Heyətinin sədri təyin olunub.

Qeyd edək ki, Vüqar Namazov əmək fəaliyyətinə 2006-cı ildə “Bakı Fond Birjası” QSC-də başlamış və birjada ticarətin təşkili, ticarət platformaları, listinq, depozitar, klirinq və hesablaşmalar, strateji planlama və idarəetmə sahəsində müxtəlif vəzifələrdə çalışıb. O, 2006-cı ildə BFB-nin Ticarət Departamentinin rəisi vəzifəsinə təyin olunub. 2012-ci ildə BFB-nin İdarə Heyətinin üzvü seçilib və Biznesin inkişafı üzrə direktor vəzifəsinə təyin olunub. 2013-cü ildən isə BFB-nin İH heyətinin sədr müavini və Əməliyyat və İnformasiya texnologiyaları üzrə direktor vəzifəsində çalışır. V. Namazov 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə kredit” ixtisası üzrə bitirmiş, 2007-ci ildə Beynəlxalq İqtisadi əlaqələr üzrə magistr dərəcəsini alıb. 2014-cü ildə Layihələrin İdarə Edilməsi İnstitutu (PMI) tərəfindən verilən PMP sertifikatını alıb. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantıdır. Evlidir, 2 övladı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti