...

Ekspert: Uğurla icra olunan dövlət proqramları Azərbaycanın simasını köklü şəkildə dəyişib

İqtisadiyyat Materials 1 Avqust 2017 18:23 (UTC +04:00)
Azərbaycanda həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində son 14 ildə ölkədə işsizlik və yoxsulluq səviyyəsi 5 faizə düşüb, ölkədə minlərlə yeni müəssisə yaradılıb, 1,7 milyondan artıq yeni iş yeri açılıb.
Ekspert: Uğurla icra olunan dövlət proqramları Azərbaycanın simasını köklü şəkildə dəyişib

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində son 14 ildə ölkədə işsizlik və yoxsulluq səviyyəsi 5 faizə düşüb, minlərlə yeni müəssisə yaradılıb, 1,7 milyondan artıq yeni iş yeri açılıb. Bunu Trend-ə Sosial-İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyinin sədri, ekspert Rahilə Mehdiyeva deyib.

R.Mehdiyeva bildirib ki, 2000-ci ilin sentyabr ayında Nyu-Yorkda BMT-nin təşkilatçılığı ilə keçirilən və Azərbaycanın da iştirak etdiyi Minilliyin Sammitində Minilliyin İnkişaf Məqsədlərini əks etdirən birgə Bəyannamə imzalanıb və bununla da dünya miqyasında yoxsulluğun azaldılması məsələsi 2015-ci ilə qədər öhdəlik kimi qəbul edilib: “Minilliyin Bəyannaməsinə qoşulan bir ölkə kimi, Azərbaycan da götürülmüş öhdəliyin ölkə şəraitinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2003-cü il tarixli Fərmanı ilə “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” və 15 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, həmçinin yoxsulluqla mübarizə ilə əlaqəli müxtəlif sahələr üzrə digər dövlət proqramları qəbul edilərək uğurla icra edilib”.

Ekspertin sözlərinə görə, yoxsulluğu yaradan əsas amillərdən birinin işsizlik olduğunu nəzərə alaraq, yoxsulluqla mübarizədə ölkədə əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin olunması sahəsində tədbirlərin həyata keçirilməsinə önəmli yer verilib: “Belə ki, ölkənin əməkqabiliyyətli əhalisinin məşğulluğunu təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 15 may 2007-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)” və 15 noyabr 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Sözügedən Dövlət Proqramları çərçivəsində əmək bazarının tənzimlənməsinin təkmilləşdirilməsi, işçi qüvvəsinə olan tələbatın stimullaşdırılması və insan kapitalının inkişaf etdirilməsi, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğunun təmini, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilib”.

R.Mehdiyeva vurğulayıb ki, ölkədə davamlı inkişafın təmin olunmasında, bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası müstəsna əhəmiyyət kəsb edir: “2004-cü ildən uğurla icra olunan bu proqramlar şəhər və rayonların simasını köklü şəkildə dəyişib, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaradıb. İndiyədək regionların inkişafına dair 3 dövlət proqramı qəbul olunub və onlardan ikisi artıq uğurla reallaşdırılıb. Hazırda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” icra olunur”.

R.Mehdiyeva əlavə edib ki, dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində ölkə üzrə 3 mindən çox məktəb, 600-dən çox tibb ocağı tikilib və ya əsaslı şəkildə təmir edilib, həmçinin regionlarda 40-dan çox Olimpiya İdman Kompleksi, yüzlərlə sosial və mədəniyyət obyektləri inşa edilib.

Xəbər lenti

Xəbər lenti