...

Şahin Mustafayev: Əsas məqsəd BTQ dəmir yolu ilə daşınan yüklərin həcminin artırılmasıdır (FOTO)

İqtisadiyyat Materials 6 Mart 2018 11:04 (UTC +04:00)
Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığı müzakirə edilib.
Şahin Mustafayev: Əsas məqsəd BTQ dəmir yolu ilə daşınan yüklərin həcminin artırılmasıdır (FOTO)

Bakı. Trend:

İqtisadiyyat naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstanda səfərdədir.

Trend-in məlumatına görə, nümayədə heyətinə İqtisadiyyat və Maliyyə nazirliklərinin, Dövlət Neft Fondunun, “Azərbaycan Dəmir Yolları” QSC-nin, "Bakı Beynəlxalq Dəniz Ticarət LimanıQSC-nin, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin yüksək vəzifəli rəsmiləri daxildir.

Səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə əklil qoyub.

Sonra Azərbaycan nümayəndə heyəti Tbilisidə M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi ilə tanış olub.

Azərbaycan nümayəndə heyətinin Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili və Daxili İşlər naziri Giorgi Qaxaria ilə görüşündə Bakı-Tbilisi-Qars dəmir yolunun layihənin iştirakçısı olan ölkələrin iqtisadi inkişafında, yükdaşımaların artmasında əhəmiyyəti bir daha vurğulanıb, ölkələrimiz arasında iqtisadiyyat, investisiya qoyuluşu, nəqliyyat-tranzit sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Nazir Şahin Mustafayev ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini, Azərbaycan və Gürcüstanın birgə beynəlxalq əhəmiyyətli layihələrin iştirakçısı olduğunu qeyd edib. Bildirilib ki, Bakı-Tbilisi-Qars və digər layihələr xalqlarımızın rifah halının yaxşılaşmasına xidmət edir. Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də digər layihələr təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avropanın inkişafında, Avropa ilə Asiyanın birləşməsində mühüm rol oynayacaq.

Bakı-Tbilisi-Qars dəmir yolunun böyük potensialı olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev Azərbaycan nümayəndə heyətinin martın 4-də Türkiyədə keçirdiyi görüşdə də layihənin xüsusi önəminin vurğulandığını, bu imkandan daha geniş yararlanmaq perspektivlərinin müzakirə olunduğunu diqqətə çatdırıb:

“Əsas məqsəd Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin artırılması və mövcud imkanlardan daha səmərəli istifadə olunması yollarını araşdırmaqdır. Nəzərə almalıyıq ki, BTQ ilə sərnişin daşınmalarına da maraq böyükdür və bu, turizmin inkişafı üçün geniş imkanlar yaradacaq. Birgə səylərimiz nəticəsində məqsədimizə nail olacağıq”.

Görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələrinin də genişləndiyini diqqətə çatdırıb.

Ötən 2017-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 17%, ixrac 13% artıb. İndiyədək Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3 mlrd. ABŞ dolları investisiya yatırıb və bu göstəriciyə görə ölkəmiz 2012-ci ildən 1-ci yerdədir. Azərbaycanda 300-dən çox Gürcüstan, Gürcüstanda isə 1300-ə yaxın Azərbaycan şirkəti qeydiyyata alınıb. Azərbaycanın SOCAR şirkəti Gürcüstanda uğurla fəaliyyət göstərir.

Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ölkələrimiz arasındakı iqtisadi, siyasi, mədəni əlaqələrdən danışıb, Bakı-Tbilisi-Qars dəmir yolu və digər regional layihələrin əməkdaşlığın inkişafında mühüm rol oynadığını bildirib. Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda görüşünü xatırladan Dmitri Kumsişvili dövlətimizin başçısının BTQ və digər regional layihələrə göstərdiyi xüsusi diqqəti yüksək qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti