...

Bu ilin yanvar-fevral aylarında qeyri-neft sektoru üzrə ixrac 37 faiz artıb (FOTO)

İqtisadiyyat Materials 6 Aprel 2018 15:36 (UTC +04:00)
Azexport.az portalına bu ilin fevral ayında 37,6 milyon dollar dəyərində ixrac sifarişi daxil olub
Bu ilin yanvar-fevral aylarında qeyri-neft sektoru üzrə ixrac 37 faiz artıb (FOTO)

Bakı. Trend:

Azexport.az portalına bu ilin fevral ayında 37,6 milyon dollar dəyərində ixrac sifarişi daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2018-ci ilin yanvar-fevral ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 241,7 milyon dollar təşkil edib.

2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar - fevral ayında qeyri-neft sektoru üzrə ixrac 37,4 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-fevral aylarında ən çox qeyri-neft məhsullarımız Rusiyaya ixrac edilib. Belə ki, yanvar-fevral ayı ərzində Rusiyaya 67,8 milyon, Türkiyəyə 65,4 milyon, İsveçrəyə 25,6 milyon, Gürcüstana 17,4 milyon və Çinə 7,6 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2018-ci ilin yanvar-fevral ayları ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında qızıl birinci yerdə qərarlaşıb (24,4 milyon dollar). Bu siyahıda ikinci yeri elektrik enerjisi (20,3 milyon dollar), üçüncü yeri isə xurma (19 milyon dollar) tutub.

Ümumiyyətlə isə yanvar-fevral ayları ərzində meyvə-tərəvəz ixracı 58,4 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 23,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 20,7 milyon, elektrik enerjisinin ixracı 20,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 9,7 milyon, kimya sənayesi məhsullarının ixracı 6.6 milyon dollar olub.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-fevral aylarında elektrik enerjisinin ixracı 5,9 dəfə, meyvə-tərəvəzin ixracı 50,9 faiz, pambıq ipliyi ixracı 43,4 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 14,8 faiz, kimya sənayesi məhsullarının ixracı 7,2 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin fevral ayında isə qeyri-neft sektoru üzrə ixrac 119 milyon dollar təşkil edib. 2018-ci ilin fevral ayında ən çox qeyri-neft sektoruna aid mal Türkiyəyə ixrac edilib(42,3 milyon dollar).

2018-ci ilin fevral ayında qeyri-neft sektoru üzrə ixracda birinciliyə elektrik enerjisi sahiblənib(17,7 milyon dollar). Bu siyahıda ikinci yeri xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (8,8 milyon dollar), üçüncü yeri isə qızıl (19 milyon dollar) tutub.

“İxrac İcmalı”nın mart sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. 2018-ci ilin yanvar - fevral aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Aqrodoctor" MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Baku Steel Company" MMC, “Qlaf Drillinq Saplay FZE” şirkətinin Azərbaycan Respublikasındakı Filialı, “CTS-Agro” MMC, Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, "Food export Şəmkir", “İlham-M” MMC, "Sun Food" MMC təmsil olunub.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə 8 şirkət təmsil olunur. Bu siyahıda adı olan və yanvar-fevral aylarında 100 min ABŞ dollarından çox ixrac əməliyyatı həyata keçirən şirkətlər aşağıdakılardır: ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”, "Azərenerji" ASC, "Det-al Alüminium" MMC, "Azergold" QSC, "Azərbaycan Hava Yolları" QSC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və "Suraxanı Maşınqayırma Zavodu Törəmə" ASC.

Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, cari ilin fevral ayında ən çox ixrac sifarişi şərab, findıq ləpəsi, çay, xurma, alma, nar şirəsi, çiyələk, ipək xalça, biyan kökü, zəfəran, göbələk, qənnadi məhsulları, meyvə tamlı süd, şəkər tozu, toyuq yumurtası, kərə yaği, süd məhsulları, tibbi tənzif, tikinti kərpici, yataq dəsti, konserviləşdirilmiş ət, buğda unu və s. mallara olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti