...

Azərbaycanla Finlandiya arasında ticarət dövriyyəsi artıb (FOTO)

İqtisadiyyat Materials 5 İyul 2018 20:19 (UTC +04:00)
Azərbaycan-Finlandiya iqtisadi əlaqələri müzakirə edilib.
Azərbaycanla Finlandiya arasında ticarət dövriyyəsi artıb (FOTO)

Bakı. Trend:

Azərbaycan və Finlandiya arasında ticarət dövriyyəsi 2017-ci ildə 19,2 mln. dollar təşkil edib. Bu ilin yanvar-may aylarında Azərbaycan-Finlandiya ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 3,5 dəfə artıb.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə nazir Şahin Mustafayev Azərbaycanda səfərdə olan Finlandiyanın xarici ticarət və inkişaf naziri Anna-Mari Viroleyninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Görüşdən əvvəl Finlandiya nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, məzarı üzərinə çiçək dəstələri düzüblər. Nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.

Sonra görüşdə Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı və onun prioritet istiqamətləri, iqtisadiyyatın şaxələndirilməsi, eləcə də iqtisadi sahədə həyata keçirilən kompleks islahatlar, yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib. Qeyd edib ki, Avropa İttifaqı (Aİ) ölkələri ilə keçirilən görüşlər, biznes-forumlar, qarşılıqlı səfərlər əməkdaşlığın inkişafına, iş adamları arasında əlaqələrin genişlənməsinə töhfə verir. Azərbaycanın Aİ ölkələri, o cümlədən Finlandiya ilə əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Azərbaycanda sənaye, ticarət, xidmət və tikinti sahələrində 13 Finlandiya şirkəti qeydiyyatdan keçib. Bildirilib ki, Aİ ilə, o cümlədən Finlandiya ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində də uğurlu əməkdaşlıq həyata keçirilir.

Görüşdə ölkələrimiz arasında biznes əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya yatırılmasının və ticarətin həcminin artırılmasının önəmi qeyd edilib, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində, sənaye parklarında Finlandiya şirkətlərinin iştirak imkanlarını, energetika, ekologiya, peşə təhsili sahəsində əməkdaşlıq potensialını diqqətə çatdırılıb. Nəqliyyat dəhlizləri barədə məlumat verən nazir qeyd edib ki, Finlandiya Azərbaycanın geniş nəqliyyat infrastrukturundan və tranzit potensialından, Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından yararlana bilər.

Finlandiyanın xarici ticarət və inkişaf naziri Anna-Mari Viroleynin ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini bildirib. Xanım Anna-Mari Viroleynin Bakıya səfəri çərçivəsində keçirilən görüşlərin, aparılan müzakirələrin əlaqələrin genişlənməsində əhəmiyyətini vurğulayıb.

Görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti