Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycan bazarı Qazaxıstanın emal olunmuş məhsulların ixracatı üçün böyük potensiala malikdir. Bu barədə özəl olaraq Trend-ə Qazaxıstanın İnvenstisiyalar və İnkişaf üzrə Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd edilib: "Azərbaycanda dünya idxalatının analizləri göstərdi ki, yerli bazar Qazaxıstanın emal olunmuş məhsulların ixracatı üçün böyük potensiala malikdir".
Nazirlikdən bildiriblər ki, bu istiqamətdə ən perspektivli 37 məhsul növləri aşağıdakı sahələr üzrə seçilib:
1) Metallurgiya (qara metaborlar, metal konstruksiyalar, məftillər, fitinqlər və sairə);
2) Kimya sənayəsi (dərman preparatları, yuyucu və təmizləyici vasitələr, poliplopiren);
3) Maşınlar və avadanlıqlar (armatur, elektrik aparatları üçün paylayıcı lövhələr və bünövrələr, transformatorlar, qızdırıcı qazanlar, optik kabellər və sairə);
4) Qida sənayəsi (şokolad və kakao məhsulları, spirtsiz içkilər və sular, un məmulatları, günəbaxan və ya soya yağları, kolbasalar, makaron məhsulları).
Qeyd edək ki, nazirliyin məlumatına əsasən, Qazaxıstan və Azərbaycan arasında xarici ticarət dövriyyəsi 2018-ci ilin yanvar-iyul aylarında 141,5 milyon dollar təşkil edib ki, bu da 2017-ci ilin analoji dövrü ilə müqayisədə 94,6 faiz çoxdur.
Bundan başqa, Qazaxıstandan Azərbaycana 2018-ci ilin yanvar-iyul aylarında ixracat 112,4 milyon təşkil edib ki, bu da 2017-ci ilin analoji dövrü ilə müqayisədə 98,9 faiz çoxdur.
Nazirlikdən bildiriblər ki, Azərbaycandan Qazaxıstana idxalat 2018-ci ilin yanvar-iyul aylarında 29 milyon dollar təşkil edib ki, bu da 2017-ci ilin analoji dövrü ilə müqayisədə 79 faiz çoxdur.