...

Azərbaycan nümayəndə heyəti Çinə səfər çərçivəsində bir sıra görüşlər keçirib (FOTO)

İqtisadiyyat Materials 7 Noyabr 2018 18:08 (UTC +04:00)
Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti görüşlərini davam etdirir.
Azərbaycan nümayəndə heyəti Çinə səfər çərçivəsində bir sıra görüşlər keçirib (FOTO)

Bakı. Trend:

Çində səfərdə olan İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti görüşlərini davam etdirir.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Ukrayna Baş nazirinin müavini Stepan Kubiv ilə görüşdə Azərbaycan-Ukrayna iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında əlaqələrin genişlənməsində Hökumətlərarası Komissiyanın fəaliyyəti qeyd olunub, sənaye, əczaçılıq, energetika, turizm və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüşdə həmçinin, SOCAR-ın Ukraynadakı uğurlu fəaliyyəti vurğulanıb, beynəlxalq nəqliyyat dəhlizlərindən, o cümlədən Şimal-Cənub dəhlizindən istifadə imkanları, tranzit yükdaşımalarının artırılması məsələləri müzakirə edilib.

Nazir Ş.Mustafayev Azərbaycan-Ukrayna iqtisadi əlaqələrinin inkişaf etdiyini, bunun üçün müvafiq müqavilə-hüquqi baza yaradıldığını, ticarət dövriyyəsinin genişlənməsi üçün böyük potensialın olduğunu, Ukraynada Azərbaycan Ticarət Evinin yaradıldığını, qarşılıqlı investisiya qoyuluşlarının həyata keçirildiyini vurğulayıb, əməkdaşlığın genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.

Ukrayna Baş nazirinin müavini S.Kubiv ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, energetika, əczaçılıq, vaqon istehsalı, turizm və s. sahələrdə əməkdalığın genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, ölkəmizin Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu iştirak ediblər.

Çinin Dövlət Gömrük Administrasiyasının sədr müavini Li Quo ilə görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Çinlə iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, Birinci Çin Beynəlxalq İdxal Sərgisinin və sərgidə Azərbaycan şirkətlərinin iştirakının əməkdaşlığın inkişafında önəmini vurğulayıb. Görüşdə qeyd edilib ki, 2017-ci ildə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 20% artıb. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətinin təqribən 46%-i Azərbaycanın payına düşür. Azərbaycanın Çində ticarət nümayəndəsi, Urumçidə Azərbaycan Şərab və Lucouda Azərbaycan Ticarət evləri fəaliyyət göstərir, Çinə ixrac missiyaları təşkil edilir. Noyabrın 7-də isə Şanxayda Azərbaycan Şərab Evi açılıb. Azərbaycan məhsullarının Çinə ixracının genişləndirilməsinə dair fikirlərini bildirən Şahin Mustafayev gömrük sahəsində əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin mühüm istiqamətlərindən olduğunu qeyd edib, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün İşçi Qrupunun yaradılmasını təklif edib.

Çinin Dövlət Gömrük Administrasiyasının sədr müavini Li Quo təklifi razılıqla qarşılayıb, Çinin Azərbaycanla ticarət əlaqələrinin genişləndiriməsində maraqlı olduğunu, bunun üçün gömrük orqanları arasında əməkdaşlığın inkişafının önəmini vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqələrin inkişafı da hər iki tərəf üçün faydalı ola bilər. Li Qua qeyd edib ki, Çinin Dövlət Gömrük Administrasiyası Azərbaycanın analoji qurumu ilə təcrübə, qida təhlükəsizliyi və statistika sahələrində məlumat mübadiləsində maraqlıdır.

Gömrük, qida təhlükəsizliyi və statistika sahələrində əməkdaşlığın inkişafına, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Çinə ixracına dair müzakirələrin aparıldığı görüşdə Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin sədr müavini Elşən Əsədov, Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti