...

Azərbaycan-Niderland iqtisadi əlaqələri müzakirə edilib

İqtisadiyyat Materials 12 Fevral 2019 20:46 (UTC +04:00)

Bakı. Trend:

İqtisadiyyat naziri Şahin Mustafayev Niderland Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Rene Van der Lindenin Azərbaycan-Niderland əlaqələrinin inkişafına töhfələr verdiyini vurğulayan Ş.Mustafayev ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrindəki xidmətlərinə görə Azərbaycan Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edildiyini xatırladıb.

Azərbaycan-Niderland iqtisadi-ticarət əlaqələrinin genişləndiyini diqqətə çatdıran nazir qarşılıqlı səfərlərin mühüm əhəmiyyətini vurğulayıb.

Görüşdə ölkələrimizin kənd təsərrüfatı, sənaye, kimya, ekologiya və s. sahələrdə əməkdaşlıq etdiyi, ötən il ticarət dövriyyəsinin artdığı, iqtisadi əlaqələrin genişlənməsində biznes forumların, işgüzar görüşlərin rolu qeyd edilib. Diqqətə çatdırılıb ki, Azərbaycanda xidmət, tikinti, nəqliyyat, sənaye, ticarət, rabitə, bank və sığorta sahələrində 130-a yaxın Niderland şirkəti qeydiyyatdan keçib. Ötən il istifadəyə verilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Baş Planı və ümumi layihəsi Niderlandın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb, Niderland şirkətləri ilə Abşeronda göllərin, o cümlədən, Böyükşor gölünün bərpası sahəsində əməkdaşlıq edilib.

Azərbaycanın artan tranzit imkanları, bu sahədə reallaşdırılan mühüm layihələr - Şimal-Cənub, Şərq-Qərb dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Beynəlxalq Dəniz Ticarət Limanı, beynəlxalq hava limanları tranzit-logistika əməkdaşlığının inkişafı üçün geniş imkanlar yaradır.

Azərbaycanda viza rejiminin sadələşdirilməsi və elektron vizanın tətbiqi ölkəyə gələn turistlərin sayını daha da artırıb. Təkcə ötən il Niderlanddan Azərbaycana gələn turistlərin sayı 2017-ci ilə nisbətən 26,6% artıb.

Ş.Mustafayev Azərbaycan-Niderland əlaqələr iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, təhsil sahəsini də əhatə etdiyini qeyd edib, “ADA” Universiteti və Maastrixt İdarəetmə Məktəbi arasında səmərəli əməkdaşlığı vurğulayıb, Maastrixt Universitetində azərbaycanlı tələbələrin təhsil aldığını diqqətə çatdırıb.

İqtisadiyyat naziri Sumqayıt Kimya Sənaye Parkında yaradılan Peşə Təhsili Mərkəzinə Niderlandın Maastrixt İdarəetmə Məktəbi də cəlb oluna, Niderland şirkətləri ölkəmizdə yaradılan sənaye parklarında layihələrin icrasında iştirak edə bilərlər. Ş.Mustafayev ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi potensialını, bir sıra sahələrdə təcrübə mübadiləsinin faydalı olacağını vurğulayıb, növbəti Azərbaycan-Niderland biznes-forumunun bu il Azərbaycanda keçirilməsini təklif edib.

Rene Van der Linden Maastrixt İdarəetmə Məktəbinin proqramının “ADA” Universitetində tətbiqinin ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın inkişafına müsbət töhfəsini vurğulayıb. SKSP nümayəndələrinin də Niderlandın “Kemelot” sənaye parkında olduğunu qeyd edən Rene Van der Linden Azərbaycan şirkətlərinin “Kemelot”da fəaliyyəti üçün imkanlarını diqqətə çatdırıb. Rene Van der Linden qeyd edib ki, ölkəsi Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinə, Ələtdə azad ticarət zonası tipli xüsusi iqtisadi zona layihəsinə, alternativ enerji mənbələri, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığa, eləcə də mövcud əlaqələrin genişlənməsinə maraq göstərir.

Görüşdə Azərbaycan-Niderland iqtisadi əlaqələrinin genişləndirilməsi, qarşılıqlı maraq doğuran digər məslələrlə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti