Bakı. Trend:
Caspian Europian Club-ın üzvləri işgüzar məqsədlə Ulduz Şokolad Fabrikini ziyarət edib, şirkət rəhbərliyi ilə görüşə qatılıb.
Trend-in məlumatına görə, hər zaman “Açıq qapı” siyasəti ilə fəaliyyət göstərən Ulduz Şokolad Fabriki bu dəfə ölkənin nüfuzlu şirkətlərinin üzv olduğu Caspian Europian Club-ın nümayəndələrini qəbul edib. 14 iyun tarixində baş tutan görüşə Club-dan 20-dən çox nümayəndə qoşulub.
Açılış sözünü söyləyən fabrik direktoru Ələddin İsmayılov iştirakçıları salamlayaraq, onlara göstərdikləri maraq və təşəbbüs üçün təşəkkürlərini bildirib.
Ardınca fabrikin nümayəndələri tərəfindən qonaqlara şirkətin tarixi, fəaliyyəti, istehsal olunan məhsullar haqqında ətraflı məlumat verilib, həmçinin məhsullarda istifadə olunan xammalların keyfiyyəti, ixracat əməkdaşlıqları kimi müxtəlif suallar cavablandırılıb.
Daha sonra infotur iştirakçıları istehsal sahəsinə daxil olaraq, istehsal prosesi, istehsal xətləri ilə tanış olub, hətta yerindəcə istehsal olunan məhsullardan dadmaq imkanı əldə ediblər.
Görüşün ikinci hissəsi isə Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi ilə çay süfrəsi arxasında davam edib. İnteraktiv şəkildə keçən görüşdə şirkət və fabrik rəhbərliyi Ulduz Şokolad Fabrikinin fəaliyyət prinsiplərindən, gələcək planlarından, bugünkü problemlərdən çox səmimi söhbət edərək, qonaqların suallarını həvəslə cavablandırıb. Hətta müxtəlif sektordan gələn bəzi iş adamları ilə yeni əməkdaşlıqların əsası da qoyulub.
Qeyd edək ki, Ulduz Şokolad Fabriki artıq 19-cu ildir ki, Azərbaycan xalqına keyfiyyətli məhsullar təqdim edir, həmçinin yüzlərlə insan üçün iş yeri imkanları yaradaraq, ölkə iqtisadiyyatına öz dəstəyini verir.