...

Azərbaycana gələn turistlər bank kartları ilə 475,7 milyon manatlıq əməliyyat aparıblar - 5 ay ərzində

İqtisadiyyat Materials 28 İyun 2019 17:33 (UTC +04:00)

Bakı. Trend:

2019-cu ilin yanvar-may aylarında Azərbaycana dünyanın 180 ölkəsindən 1094,8 min və ya 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Trend-in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyun sayında deyilir.

“İxrac İcmalı”nda məlumat verilib ki, 2019-cu ilin yanvar-may ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 475,7 milyon manat olub. Bu ilin may ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları isə 100,9 milyon manat təşkil edib.

“İxrac İcmalı”nda 2019-cu ilin yanvar-may ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, Azexport.az portalına 261,8 milyon dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ildə ixrac sifarişləri 4,6 faiz artıb. Bu ilin may ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 32,5 milyon dollar təşkil edib və ötən ilin may ayı ilə müqayisədə 17,3 faizlik artım qeydə alınıb. 2019-cu ilin 5 ayı ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya (12,6%), Türkiyə (7,4%), İngiltərə (5,9%), (5,9%) və Hindistan (5,9%) qərarlaşıb.

Bu ilin may ayında ən çox ixrac sifarişi pambıq və pambıq məhsulları, biyan, tütün, toyuq əti və yumurtası, kartof, soğan, mineral su, mühərrik yağı, qənnadı məhsulu, nar şirəsi, tibbi tənzif, şərab, çay, kosmetik vasitə, tikinti materialı, mebel dəsti, alma, gül, təzə və qurudulmuş pomidor və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 may tarixinə kimi (29 ay ərzində) Azexport.az portalına dünyanın 130 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 250,9 milyon dollar təşkil edib.

“İxrac İcmalı”nda həmçinin göstərilib ki, bu ilin iyun ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 10,5 milyon dollar olub. 2019-cu ilin yanvar-may ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 59,7 milyon dollar dəyərində qeyri-neft ixracı həyata keçirilib.

“İxrac İcmalı”nın iyun sayında Azexport.az portalının İsrailə biyan ixrac edilməsi istiqamətində göstərdiyi fəaliyyət, "İsveçrənin Sürix və Bern şəhərlərinə və Rusiyanın Yekaterinburq şəhərinə ixrac missiyası təşkil olunması, Dövlət Gömrük Komitəsi təchizat zənciri platforması olan TradeLens-ə qoşulması və s. məsələlər barədə də məlumatlar verilib.

“İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

“İxrac İcmalı” ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti