...

TANAP bu gündən Avropaya qaz nəqli üçün tam hazırdır (FOTO)

İqtisadiyyat Materials 1 İyul 2019 11:32 (UTC +04:00)
Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP tamamlandı
TANAP bu gündən Avropaya qaz nəqli üçün tam hazırdır (FOTO)

Bakı. Trend:

Cənub Qaz Dəhlizinin əsas seqmenti olan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) 1 iyul 2019-cu il tarixindən etibarən Azərbaycan qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, dəhlizin son seqmenti olan TAP boru kəməri layihəsi də tamamlandıqdan sonra Azərbaycanın “Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılan təbii qaz TANAP və TAP kəmərləri vasitəsi ilə Avropaya nəql ediləcək, ölkəmizin gəlirlərini artıraraq, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək.

TANAP eyni zamanda tarixə Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz boru xətti kimi daxil olub.

Azərbaycan və Türkiyənin uzunmüddətli strateji enerji əməkdaşlığının ən mühüm bəhrələrindən olan TANAP layihəsi tamamlanıb. Ərdəhanın Posof qəsəbəsindən başlayaraq Türkiyə ərazisi boyunca 20 şəhərin bölgəsindən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru xətti 1 iyul 2019-cu il tarxindən etibarən Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhədində Trans Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Avropaya nəql etmək üçün hazır vəziyyətə gətirilib.

“Şahdəniz 2” layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazını əvvəlcə Türkiyəyə, sonra da Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilib, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, cari ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. 2019-cu il iyulun 1-dən Avropaya qazın nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP, tarixə eyni zamanda Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xətti kimi düşüb. Türkiyə-Yunanistan sərhədində TANAP ilə birləşəcək TAP boru kəmərində aparılan işlər tamamlandıqdan sonra, Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Cənub Qaz Dəhlizi və TANAP bu gün artıq reallıqdır. Ötən il Azərbaycan və qardaş Türkiyənin möhtərəm prezidentlərinin iştirakı ilə TANAP üzərindən Türkiyəyə ilk qazın nəqlinə başladıq. Bu gün isə TANAP artıq Avropaya da təbii qazın ötürülməsi üçün tam hazır vəziyyətdədir və yalnız TAP boru kəmərində aparılan işlərin sona çatmasını gözləyirik.

Azərbaycan bu gün bütün dünyaya bir daha göstərmişdir ki, biz nəinki ölkə daxilində, həm də xarici ölkələrdə mürəkkəb transmilli layihələri vaxtında və yüksək səmərə ilə yerinə yetirməyə qadirik. SOCAR TANAP-ın icrasında öz tərəfdaşları ilə birlikdə 5 milyard dollara yaxın vəsaitə qənaət edərək, layihənin ümumi xərclərini 40% azaltmağa nail olmuşdur. Bu hadisə başda möhtərəm Prezidentimiz cənab İlham Əliyev və qardaş Türkiyənin möhtərəm Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan olmaqla, belə bir tarixi missiyanı bizə həvalə etmiş Azərbaycan və Türkiyə xalqlarının möhtəşəm uğurudur.”

TANAP layihəsinin həyata keçirilməsində əməyi olan bütün tərəfdaşlara təşəkkürünü bildirən SOCAR prezidenti deyib: “Bizə hər zaman yol göstərən, cəsarət verən möhtərəm dövlət başçılarımız başda olmaqla Türkiyə və Azərbaycanın dəyərli ictimai qurum və təşkilatlarına və onların rəhbərlərinə, öz etimad və dəstəkləri ilə fəaliyyətimizə dəyər qatan layihə tərəfdaşlarımıza - Cənub Qaz Dəhlizi Qapalı Səhmdar Cəmiyyətinin timsalında Azərbaycan Respublikasının bütün dövlət qurumlarına, BOTAŞ və BP şirkətlərinə və onların dəyərli rəhbərlərinə, həvəslə çalışaraq və işinə hörmətlə yanaşaraq, bu nəhəng layihəni addım-addım ərsəyə gətirən, işlərin ən qaynar vaxtında sayı onminlərlə olan TANAP əməkdaşlarına, o cümlədən layihəyə rəhbərlik edən TANAP-ın dəyərli baş direktoru cənab Saltuk Düzyola, bilik və bacarığını, var qüvvəsini əsirgəməyən və uğurumuzda böyük payı olan podratçılara, tədarükçülərə və digər tərfdaşlarımıza, layihəyə böyük dəstək verən vətəndaş cəmiyyətlərinə, ictimaiyyəti maarifləndirmə sahəsində vəzifəsini məsuliyyətlə yerinə yetirən mətbuat nümayəndələrinə və gücümüzə güc qatan, təqdirləri ilə bizi qələbələrə həvəsləndirən əziz Azərbaycan və Türkiyə xalqlarına səmimi qəlbdən minnətdarlığımızı bildiririk”.

Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəmərinin hüquqi bazası 2012-ci ildə yaradılıb. Layihə üzrə yekun investisiya qərarı 2013-cü il dekabrın 17-də qəbul edilib. 2015-ci ildə Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra kəmərin inşaat işləri başlayıb. TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan ilk mərhələsi 2018-ci ilin iyununda tamamlanıb. Həmin il iyunun 12-də iki qardaş ölkənin dövlət başçılarının iştirakı ilə Türkiyədə TANAP-ın açılış mərasimi keçirilib. Türkiyəyə kommersiya məqsədli ilk qazın nəqli 2018-ci il iyunun 30-da Əskişəhərdəki çıxış nöqtəsində başlayıb. 2019-cu ilin iyunun sonunadək layihənin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan ikinci mərhələsi də uğurla başa çatdırılıb.

Layihənin yekun investisiya qərarı veriləndə ümumi xərcləri 11,7 milyard dollar həcmində qiymətləndirilirdi. Lakin icra prosesində satınalma qərarlarının əlverişli zamanda verilməsi və layihənin idarəolunmasında səmərənin maksimum artırılması nəticəsində layihə 7 milyard dollardan aşağı xərclə tamamlanıb. TANAP çərçivəsində ətraf mühitə və ictimaiyyətə hörmət ifadəsi olaraq bugünədək 1000-ə yaxın sosial və ətraf mühit layihəsini həyata keçirilmiş, kəmərin keyfiyyət, ətraf mühitin mühafizəsi, əməyin sağlamlığı və təhlükəsizliyi sahəsində beynəlxalq miqyasda nümunəvi göstəricilərə nail olunub.

TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan Cənub Qaz Dəhlizi QSC (51%), BOTAŞ (30%), BP (12%) və “SOCAR Türkiyə” Enerji A.Ş (7%) şirkətləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti