...

ABŞ səfiri “Coca-Cola” zavoduna baş çəkdi (FOTO)

İqtisadiyyat Materials 5 İyul 2019 13:46 (UTC +04:00)
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer Bakının Sulutəpə qəsəbəsində yerləşən “Coca-Cola” zavoduna baş çəkib.
ABŞ səfiri “Coca-Cola” zavoduna baş çəkdi (FOTO)

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer Bakının Sulutəpə qəsəbəsində yerləşən “Coca-Cola” zavoduna baş çəkib.

Şirkət rəhbərliyi tərəfindən qarşılanan diplomat “Coca-Cola” zavodunu gəzərək, onun 25 illik fəaliyyəti, yüksək beynəlxalq standartlara uyğun qurulan istehsal prosesləri ilə tanış olub və Azərbaycanda “Coca-Cola” şirkətinin dünyaca tanınmış sərinləşdirici içki məhsullarının Azərbaycanda istehsalı haqqında geniş məlumat alıb. Litzenberqer şirkətin Azərbaycan iqtisadiyyatına və cəmiyyətinin dayanıqlı inkişafına verdiyi töhfələr barədə məlumatlandırılıb. ABŞ səfirini səfirliyin iqtisadi şöbəsinin rəhbəri, kommersiya direktoru və iqtisadi məsələlər üzrə əməkdaş müşayət ediblər.

L.Litzenberqer ABŞ-Azərbaycan dövlətləri arasındakı uzun müddətli iqtisadi münasibətlərin inkişafını vurğulayıb və “Coca-Cola”nın ölkədəki uğurlu fəaliyyətini Amerika biznes dünyasının ən parlaq nümunələrindən biri kimi qeyd edib.

“Coca-Cola” şirkətinin Qafqaz regionu üzrə meneceri Adrian Çernautan səfiri və onun komandasını salamlayaraq şirkətin qlobal fəaliyyəti, yenilikləri və bu yeniliklərin Azərbaycanda tətbiqi barədə məlumatlandırıb. “Coca-Cola” şirkətinin Azərbaycandakı istehsalçı tərəfdaşı olan Türkiyənin “Coca-Cola İçecek” şirkətinin baş direktoru Həsən Əllialtı isə “Coca-Cola”ın Azərbaycanda fəaliyyətinin qarşıdan gələn 25 illiyini və şirkətin ölkə iqtisadiyyatında, xüsusilə də, vergi və məşğulluq sahələrində ciddi paya sahib olduğunu vurğulayıb: “Şirkətimiz Azərbaycanda qeyri-neft sektoruna cəlb edilən ilk və ən böyük xarici investorlardan biridir. 1994-cü ildə fəaliyyətə başlayan “Coca-Cola”nın məhsulları 1996-cı ildən etibarən Azərbaycanda da istehsal edilməyə başladı. Yüksək keyfiyyəti ilə seçilən məhsullarımız bütün müvafiq beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına uyğun istehsal edilir”.

“Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev isə qonaqlara “Coca-Cola”nın Azərbaycanda dəstəklədiyi sosial inkişaf proqramları barədə məlumat verib: “Coca-Cola” şirkəti tərəfindən Azərbaycanda müxtəlif sosial inkişaf proqramlarına bugünədək 2,6 milyon dollar vəsait ayrılıb. Şirkət Azərbaycanda ekoloji vəziyyətin inkişafı, yaşıllıq sahələrinin genişləndirilməsi, məktəblilərin idmana cəlb edilməsi, gənclərin və qadınların sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi kimi önəmli sahələrdə həyata keçirilən layihələri dəstəkləyir. Belə sosial layihələrin dəstəklənməsi isə müvafiq dövlət qurumları ilə tərəfdaşlıq formatında həyata keçirilir”.

Daha sonra səfir Li Litzenberqer və həmkarları Coca-Cola zavodunun direktoru Dr. Rəna Məmmədova ilə “Coca-Cola”, “Fanta”, “Sprite”, “Fuse tea”, “Cappy”, “Bonaqua” kimi məşhur içkilərin yerli istehsalı ilə yaxından tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti