...

AZAL atmosferə atılan zərərli tullantıların miqdarının azaldılması üçün yeni texnologiyalar tətbiq edir

İqtisadiyyat Materials 18 Sentyabr 2019 16:46 (UTC +04:00)

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” (AZAL) və “OpenAirlines” şirkəti “SkyBreathe” həllinin istifadəsinə dair razılaşma imzalayıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ətraf mühitə atılan zərərli tullantıların azaldılması məsələsinin AZAL üçün yüksək prioritet təşkil etdiyini nəzərə alsaq, bu razılaşma Azərbaycanın milli aviadaşıyıcısı üçün strateji xarakter daşıyır.

“SkyBreathe Fuel Efficiency” aviaşirkətlərin yanacaqdan səmərəli istifadəsi və tullantıların azaldılması üçün geniş informasiya emalı alqoritmləri, süni intellekt və kompüter təlimindən istifadə edən müasir həldir.

“Bütün reyslərimizdə yanacaq istifadəsinin analizi üçün “SkyBreathe” proqram təminatını ən yaxşı vasitələrdən biri kimi seçmişik. “SkyBreathe” kimi geniş imkanlara malik proqram təminatı bizim üçün yanacaqdan istifadənin səmərəliliyini artırmağa kömək edəcək əla bir resurs olacaq. Beləliklə, AZAL ətraf mühitin qorunması kimi vacib bir məsələyə də öz töhfəsini verəcəkdir", - “Azərbaycan Hava Yolları” aviaşirkətinin direktoru Cəmil Mənizadə qeyd edib.

“Biz AZAL-a yanacaqdan istifadənin səmərəliliyinin daha da artırmağa kömək etdiyimiz üçün qürur duyuruq. Hal-hazırda aviaşirkətlər atmosferə karbon qazının atılması problemləri ilə üzləşirlər. “SkyBreathe” həllini istifadə edərək, AZAL bu amilə təsir edən xərcləri 2-5% azaltmaq ilə ətraf mühitin qorunması sahəsində lider mövqe tutacaqdır", - “OpenAirlines” şirkətinin baş direktoru Aleksandr Ferey qeyd edib.

“OpenAirlines” ilə müqavilə bağlayaraq, “Azərbaycan Hava Yolları” “FlyDubai”, “Air France”, “Norwegian”, “Iceland Air” və digər bir sıra aparıcı aviaşirkətlər ilə yanaşı ətraf mühitin qorunması və yanacağın səmərəli istifadəsi üçün “Skybreathe” həllindən istifadə edən ən böyük aviaşirkətlər birliyinə üzv olmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti