...

AQTA İsmayıllıda baş verən hadisə ilə bağlı işçi qrupu yaradıb

İqtisadiyyat Materials 19 Sentyabr 2019 14:51 (UTC +04:00)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) İsmayıllı rayonunda baş verən zəhərlənmə ehtimalı ilə bağlı işçi qrupu yaradılıb.
AQTA İsmayıllıda baş verən hadisə ilə bağlı işçi qrupu yaradıb

Bakı. Samir Əli - Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) İsmayıllı rayonunda baş verən zəhərlənmə ehtimalı ilə bağlı işçi qrupu yaradılıb.

Agentlikdən Trend-ə bildirilib ki, 7 nəfərin qida zəhərlənməsi ehtimalı ilə bağlı Səhiyyə Nazirliyindən daxil olan məlumat əsasında AQTA-nın mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.

Xatırladaq ki, bu gün İsmayıllının Təzəkənd kənd sakinləri - 1991-ci il təvəllüdlü Aytac Rəcəbova, 1974-cü il təvəllüdlü Natavan Nəcəfova, 1971-ci il təvəllüdlü Yeganə Məmmədova, 1977-ci il təvəllüdlü Bəxtirə Mayılova, Kürdmaşı kənd sakinləri - 1987-ci il təvəllüdlü Amil Quliyev, 1987-ci il təvəllüdlü Əlibaba Quliyev, Ucar rayon sakini, 1967-ci il təvəllüdlü Cavad Allahverdiyevin qəflətən halı pisləşib və onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həmin şəxslərin guya İsmayıllıda keçirilən "Kartof festivalı"nda dönərdən zəhərlənmələri barədə məlumat yaylıb.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rövşən Ağayev Trend-ə özəl olaraq bildirib ki, festival zamanı heç bir zəhərlənmə faktı qeydə alınmayıb: "İsmayıllıda "Kartof festivalı" sentyabrın 18-də günorta saatlarında başa çatıb. Tədbirdən 1 sutkadan artıq bir vaxt keçib. Xəstəxanaya müraciət isə bu gün olub. Həkimlər də iddia edir ki, bu zəhərlənmə deyil. Çünki zəhərlənmə dərhal özünü göstərir. Bu hadisə günvurmanın əlamətləridir. Həmin şəxslər sahədən gətiriliblər və onlara ilkin olaraq da günvurma diaqnozu qoyulub. Xəstəxanaya müraciət edən şəxslərə tibbi yardım göstərilib, səhhətləri normaldır və artıq evə buraxılıblar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti