...

Sahib Məmmədov: Bu gün Azərbaycan iqtisadiyyatı istənilən qlobal və regional risklərin təsirini neytrallaşdırıb

İqtisadiyyat Materials 11 Mart 2020 17:45 (UTC +04:00)
Trend-in məlumatına görə, bunu AzTv-yə açıqlamasında İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
Sahib Məmmədov: Bu gün Azərbaycan iqtisadiyyatı istənilən qlobal və regional risklərin təsirini neytrallaşdırıb

Bakı. Samir Əli - Trend:

Bu gün dünyada koronavirus infeksiyasının yayılmasının dünya iqtisadiyyatına təsiri fonunda OPEK+ ölkələrinin neft hasilatının həcminin azalması ilə bağlı fikir ayrılığı dünya enerji bazarında neftin qiymətinin kəskin azalmasına səbəb olub.

Trend-in məlumatına görə, bunu AzTv-yə açıqlamasında İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, dünyada baş verən istənilən proseslər, neqativ iqtisadi meyllər Azərbaycan hökuməti tərəfindən izlənilir və təhlil olunur:

“Hər bir neqativ meyl üzrə müxtəlif ssenarilərdə preventiv tədbirlər planı hazırlanır. Bu gün də neftin qiymətinin kəskin ucuzlaşmasının tədiyyə balansına təsiri araşdırılıb və bununla bağlı müxtəlif proqnoz və ssenarilər hazırlanıb. Zərurət yarandığı təqdirdə sabitləşdirici paket həyata keçiriləcək. Təbii ki Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl, düşünülmüş və məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində bu gün Azərbaycan iqtisadiyyatı istənilən qlobal və regional risklərin təsirini neytrallaşdırıb. Kifayət qədər mövcud olan xarici valyuta ehtiyatlarımız bu gün maliyyə risklərinin qabaqlayıcı rejimdə idarə olunması üçün zəmin yaradıb".

Nazir müavini qeyd edib ki, görülmüş işlər nəticəsində əvvəlki illərdə olduğu kimi bu il də iqtisadi göstəricilər artan dinamika ilə müşahidə olunub:

"Belə ki, ümumi daxili məhsul yanvar-fevral aylarında 2,8 faiz artıb, qeyri neft sektoru 6,7 faiz artıb, qeyri-neft sənayesi isə əvvəlki illə müqayisədə 21,7 faiz artıb, inflyasiya 2,8 fazi təşkil edib ki, bu da idarəolunan səviyyədədir. Bu iqtisadi göstəricilər bir daha onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı inkişaf edir və istənilən xarici iqtisadi şoka, iqtisadi prosesə dayanıqlıq nümayiş etdirməyə qadirdir. Bu gün bizim valyuta ehtiyatlarımız 52 milyard dollar təşkil edir ki, ümumi daxili məhsulun həcmini 8 faizdən çox, xarici borcumuzu isə 6 dəfə üstələyir. Təbii ki bu gün cənab Prezidentin qeyd etdiyi kimi, istənilən anda xarici borcumuzu bağlamaq iqtidarındayıq, bunun üçün kifayət qədər maliyyə resurslarımız mövcuddur. Bu da həyata keçirdiyimiz məqsədyönlü islahatlar nəticəsində ərsəyə gəlib".

S.Məmmədov qeyd edib ki, Azərbaycan iqtisadiyyatı əvvəlki dövrlərdə də öz dayanıqlılığını göstərib:

"2008-2014-cü illərdə baş vermiş qlobal maliyyə böhranı dövründə belə Azərbaycan iqtisadiyyatı güclənmişdi. Məhz həyata keçirilən, beynəlxalq təcrübədə öz təsdiqini tapmış iqtisadi mexanizmlərin tətbiqi, genişmiqyaslı islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı daha da möhkəmlənib və sürətli artım templəri ilə inkişaf edir. Bununda əsasında məhz Azərbaycan Prezidentinin və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi fədakar fəaliyyət və yorulmaz əmək dayanır ki, bu da özünü məhz istənilən çətin iqtisadi prosesdə göstərir".

Bu günə qədər həyata keçirilən genişmiqyaslı islahatların büdcə daxilolmaları, qarşıya qoyulan artımı təmin etdiyini deyən nazir müavini qeyd edib ki, bu da təbii ki, sosial layihələrin həyata keçirilməsinin reallaşmasını şərtləndirir və proses davam edəcək: "Eyni zamanda büdcə xərclərinin optimallaşdırılması çərçivəsində nəzarət tədbirləri davam etdiriləcək. Bundan başqa, hazırda çox güclü fiskal siyasət həyata keçirilir. Təbii ki, bu istiqamətdə ciddi dövlət tənzimləməsi tədbirləri həyata keçirilir. Buna misal olaraq, vergi və gömrük sahəsində optimallaşdırma tədbirlərinin reallaşdırılması, şəffaflığın təmin edilməsi məhz ölkənin bu istiqamətdə də uğurlarına bir təkandır və ölkə iqtisadiyyatının daha da güclənməsi, möhkəm təməl əsasında daha da öz dinamik inkişafını qoruması üçün zəmin yaradır. Bu da gələcəkdə Azərbaycan iqtisadiyyatının dayanıqlı bir şəkildə inkişaf templərini qoruyub saxlaması üçün şərait yaradılır".

S.Məmmədovun sözlərinə görə, koronavirusa qarşı ciddi tədbirlər görülür və qısa müddətdə bu virus aradan qalxacaq:

"Hazırda neft hasilatçıları arasında da müzakirələr davam etdirilir. Təbii ki, həcmin azaldılması ilə bağlı razılığa gəlinərsə, neftin qiymətləri yenə tənzimlənəcək və əvvəlki vəziyyətə qayıdacaq. Təbii ki bu da öz müsbət təsirini göstərəcək. Bildiyiniz kimi, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin əsas məqsədi məhz qeyri-nefr sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minumuma endirilməsidir. Bu istiqamətdə də həyata keçirilən tədbirlər bu gün öz nəticəsini verir. Ölkə iqtisadiyyatındakı inkişaf məhz qeyri-neft sektorundakı artım və qeyri-neft sənayesinin inkişafı hesabına təmin olunur. Bu da təbii ki, neftdən gələn asılılığı azaldaraq ölkə iqtisadiyyatının inkişafına zəmin yaradır. Bu gün ölkədə uğurlu həyata keçirilən kənd təsərrüfatı sahəsində fəaliyyət, mexanizmlərin tətbiqi yanvar-fevral aylarında məhz bu sahədə 3,6 faiz artıma səbəb olub. Sənayeləşmə sahəsində həyata keçirilən tədbirlər nəticəsində yanvar-fevral aylarında bu sahədə az da olsa artım var. Amma qeyri-neft sektorundakı 21,7 faiz artım təbii ki, həyata keçirilən bu uğurlu sənayeləşmə siyasətindən xəbər verir. Bu tədbirlər ölkə iqtisadiyyatının gələcəkdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanaraq öz artım dinamikasını qoruyub saxlayacağını indidən bildirir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti