Bakı. Elçin Mehdiyev - Trend:
Koronavirusla mübarizə tədbirləri görən dövlət həm sahibkarın, həm də işçinin maraqlarını qoruyur.
Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, Azərbaycanda əhalinin sosial müdafiəsi və səhiyyə məsələləri həmişə prioritet istiqamət olub. Bu vəziyyət bir daha göstərdi ki, Azərbaycan dövləti daxili prioritetləri vaxtında və çox düzgün müəyyən edib.
“Dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizədə Azərbaycan ən optimal və effektli tədbirlər görən ölkələr sırasındadır. Prezident İlham Əliyev koronavirus infeksiyası aşkar olunan ilk gündən vəziyyəti öz nəzarətinə götürmüş, gömrük-keçid rejimi, xaricdəki vətəndaşlarımızın təxliyəsi, Baş Nazirin rəhbərlik etdiyi 24 saat ərzində fəaliyyət göstərən Operativ Qərargahın yaradılması, diaqnostik laboratoriyaların, tibbi yardım ləvazimatlarının və dərman vasitələrinin, o cümlədən, profilaktik yardım vasitələrinin alınıb gətirilməsi tədbirləri haqqında ardıcıl göstəriş və tapşırıqlar vermişdir. Hazırda ölkədə ciddi karantin rejimi hökm sürür və hər şey hökumətin nəzarəti altındadır”.
Komitə sədri vurğulayıb ki, koronavirus infeksiyasının iş adamlarına, maliyyə-bank sektoruna, fiziki şəxslərə, aztəminatlı insanların həyatına göstərə biləcəyi mənfi təsirləri önləmək məqsədilə büdcədən Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılması barədə Prezident İlham Əliyevin sərəncamı da məsələyə kompleks, bütün istiqamətlər nəzərə alınmaqla yanaşmanın ifadəsidir:
"Tibb işçiləri ilə görüşdə bu məsələlər haqqında ətraflı danışan dövlət başçısı biznes adamlarına öz minnətdarlığını bildirməklə yanaşı bir daha qeyd etdi ki, dövlət həmişə iş adamlarının arxasındadır və biz birlikdə bu sınaqdan da üzüağ çıxacağıq. Başqa bir məqam isə koronavirusla mübarizənin getdiyi bir dönəmdə iş yerlərinin qorunub saxlanılmasının vacibliyi, vətəndaşlarımızın sosial müdafiəsinin diqqətdə saxlanılmasının vurğulanmasıdır".